“Azərbaycan marşrutu Orta Dəhlizə əsas çıxışdır” – Şakir Ağayev – ÖZƏL

Rusiya Azərbaycandan yan keçməklə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞNBD) şərq marşrutu (Rusiya-Qazaxıstan-Türkmənistan-İran) vasitəsilə İrana ilk yük qatarını yola salıb.
Bu addım, əvvəllər daha perspektivli sayılan və Rusiyanın investisiya qoyduğu qərb marşrutunun (Azərbaycandan keçən) əvəzlənməsi kimi qiymətləndirilir. 
Rusiya qərarını Azərbaycanın NATO da daxil olmaqla, Qərb strukturlarına yönəlməsi ilə əlaqələndirir.

Bu, Rusiya-Azərbaycan münasibətlərində hansı uzunmüddətli dəyişikliklərin siqnalı ola bilər?
İki ölkə arasında indi də iqtisadi münasibətlərdə gərginlik başlayırmı?

"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutu artıq açılıb. Lakin bu dəhlizin əsas qollarından biri də Azərbaycandan keçən hissədir. Dəhlizin Astara istiqamətində proses bir müddət davam etmədi. İran tərəfində bu məsələ uzun müddət yarımçıq qalmışdı. İran həmin hissənin tikintisi üçün torpaq ayırmalı idi. Keçən ay Overçuk Azərbaycana səfər etdi və nəqliyyat sahəsində Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirildi. Şahin Mustafayev, Overçuk və İranın nəqliyyat naziri üçtərəfli görüşdə iştirak edirdilər. Həmin görüşdə İran bildirdi ki, mart ayında torpaq ayrılması məsələsi həll olunacaq. Bundan əlavə, dəhlizin həmin hissəsinin tikintisi üçün maliyyələşdirmə problemi də var idi və onun da həlli nəzərdə tutulmuşdu".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycana aid hissədə problem yoxdur, əsas gecikmə İran tərəfindən qaynaqlanırdı. Buna görə, Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizi tam hazır olmadığından Rusiya hələlik alternativ marşrutdan istifadə etdi. Lakin düşünmürəm ki, bu hal Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizinə mənfi təsir göstərsin. Çünki bu xətt birbaşa Orta Dəhlizə çıxan nəqliyyat-logistika xəttidir. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, Rusiya üçün də daha səmərəli olacaq. Rusiya tərəfi, Overçuk da daxil olmaqla  bunu açıq şəkildə deyib. Azərbaycan üçün də daha əlverişlidir ki, proses dörd istiqamətdə paralel şəkildə inkişaf etsin.

"Rusiya-Azərbaycan münasibətlərində uzunmüddətli dəyişikliklər olacağını düşünmürəm, çünki münasibətlərin yaxşı olması daha çox Rusiyanın marağındadır. Hazırda Rusiya sanksiyalar şəraitində logistika problemləri yaşayır və Azərbaycanın nəqliyyat yolları Rusiyaya alternativ imkanlardan istifadə etməyə şərait yaradır. Overçukun da vurğuladığı kimi, yaxın aylar ərzində Azərbaycan logistikasının Rusiya üçün əhəmiyyəti xüsusidir. Buna görə də Rusiyanın Azərbaycanla iqtisadi münasibətləri gərginləşdirməkdə maraqlı olmadığını düşünürəm. Bildiyim qədər, yaxınlarda SOCAR-la da qaz tədarükü ilə bağlı danışıqlar aparılıb. Həmçinin, Azərbaycandan İrana keçən qaz kəməri məsələsi də gündəmdədir. Səhv etmirəmsə, SOCAR qazının İrana ötürülməsi 2 milyard kubmetrə yaxın olacaq. Bu da sanksiyalara məruz qalan Rusiya üçün olduqca vacibdir," - deyə siyasi ekspert vurğulayıb.

Ş. Ağayev əlavə edib ki, bugünkü vəziyyətdə Rusiya sadəcə olaraq alternativ logistika marşrutlarından istifadə edir. Bu alternativlərdən biri də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutudur. Amma düşünmürəm ki, Azərbaycanın payına düşən hissə kənarda qalsın və ya ondan imtina edilsin. Çünki bu istiqamətdə danışıqlar aparılıb, müqavilələr imzalanıb. Yayda Astarxanda keçirilən Rusiya-Azərbaycan regional forumu çərçivəsində və Bakıda keçirilmiş üçtərəfli görüşdə bu məsələlər geniş müzakirə olunub.

"Azərbaycanın logistika imkanlarından yalnız Rusiya deyil, Avropa ölkələri, Yaxın Şərq dövlətləri, eləcə də Orta Asiya ölkələri də istifadə edir. Rusiya da hər zaman bu imkanlardan yararlanmaqda maraqlı olduğunu bildirib. Necə olacağını isə zaman göstərəcək.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya Cənubi Qafqazdakı mövqelərini itirmək istəmir və bu mövqeləri müxtəlif yollarla qorumağa çalışır. Çünki hazırda Cənubi Qafqazla bağlı ABŞ-nin maraqları var, TRACECA layihəsi çərçivəsində Avropanın planları mövcuddur, digər dövlətlər də regionda fəaldır. Rusiya isə Cənubi Qafqazın əsas aktorlarından biri olmaq statusunu itirmək istəmir," - deyə ekspert sonda qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31