Türkiyənin hərbi varlığı NATO üçün həyati əhəmiyyət daşıyır- ÖZƏL
13:20 Siyasət"Türkiyə bu gün Avropa üçün enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP kimi nəhəng enerji layihələri ilə yanaşı, "Orta Dəhliz" - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu sayəsində də Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat arteriyası kimi çıxış edir. Ankara bu istiqamətdə həm iqtisadi, həm də siyasi üstünlük qazanaraq regional oyunçudan qlobal logistik gücə çevrilməkdədir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Türkiyənin Yaxın Şərq, Şimali Afrika, Balkanlar, Cənubi Qafqaz və Mərkəzi Asiyada təsir imkanları sürətlə artır. Ankara bu bölgələrdə həm diplomatik, həm humanitar, həm də hərbi-strateji vasitələrlə aktiv iştirak edir.
Türkiyə həm NATO üzvü kimi Qərbin təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biridir, həm də türk və islam dünyasında birləşdirici güc kimi çıxış edir. Bu ikili mövqe ona balanslaşdırılmış siyasət yürütmək və müxtəlif güc mərkəzləri arasında körpü rolunu oynamaq imkanı yaradır. Türkiyə NATO-nun ikinci ən güclü ordusuna malik olmaqla alyansın hərbi strukturlarında mühüm yer tutur. Qara dənizdən Aralıq dənizinədək uzanan coğrafiyada Türkiyənin hərbi varlığı NATO-nun təhlükəsizlik strategiyası üçün həyati əhəmiyyət daşıyır.
Bu səbəbdən ABŞ və Avropa ölkələri Ankaranı öz tərəflərinə çəkmək üçün daha praqmatik yanaşma nümayiş etdirirlər. Məsələn, Böyük Britaniya, Almaniya və İtaliya ilə "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınması barədə sazişin imzalanması bu tendensiyanın bariz nümunəsidir".