Təyyarə qəzası ilə bağlı ilkin versiya – texniki səbəblər ön plandadır - ÖZƏL

"Əlbəttə ki, müxtəlif versiyalar irəli sürmək, ehtimallar səsləndirmək mümkündür - o cümlədən terror ehtimalını da. Lakin bütün suallara yalnız qara qutu oxunduqdan sonra aydınlıq gətiriləcək. Şəxsən mən ilkin məlumatlara əsaslanaraq belə qənaətə gəlirəm ki, terror ehtimalı istisnadır. Ümumilikdə, baş verən hadisə daha çox texniki səbəblərdən qaynaqlanan qəza təsiri bağışlayır."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Təyyarəyə xidmət göstərən texniki personalın səhlənkarlığı da istisna deyil. Belə köhnə - 1969-cu ilə aid - hava gəmisinin baxımı zamanı, təbii ki, daha diqqətli olmaq lazım idi. Hazırda terrora işarə edən, gözlə görünən və ya sübut kimi təqdim edilə biləcək hər hansı fakt və ya dəlil yoxdur.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Rusiyanın vurduğu  Azərbaycan təyyarəsi ilə bağlı dərhal aydın idi ki, hadisə məhz zərbə nəticəsində baş verib - bu, vizual olaraq da görünürdü. Lakin indiki təyyarə ilə bağlı yayılan görüntülər göstərir ki, nə daxildən, nə də xaricdən ona hücum edildiyini sübut edən heç bir əlamət müşahidə olunmur.

Digər tərəfdən, həmin təyyarəyə havaya qalxmazdan əvvəl  Azərbaycanda heç kim yaxınlaşmayıb. Təyyarə Türkiyədə texniki baxışdan keçirilib, daha sonra Gəncəyə uçub. Azərbaycanda ona müdaxilə edilməsi ilə bağlı hər hansı ehtimal tamamilə istisnadır.

Bununla belə, texniki və ya texnoloji üsullarla, məsafədən idarə edilən vasitələrlə təxribat ehtimalını da tam kənara qoymaq olmaz. Məsələn, hər hansı qurğunun sıradan çıxarılması, sistemə yad çipin yerləşdirilməsi və ya balansı poza biləcək müdaxilələr kimi ehtimallar nəzəri baxımdan mümkündür. Bütün bu suallara isə yalnız qara qutu oxunduqdan sonra dəqiq cavab veriləcək.

Ən acı olan isə odur ki, biz 20 nəfər qardaş ölkə hərbçisini itirmişik. Bu itki təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də böyük faciədir. Qardaş ölkənin acısı bizim acımızdır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31