"907-ci düzəliş”in ləğvi ABŞ-Azərbaycan münasibətlərini daha da möhkəmləndirəcək - ÖZƏL
16:41 SiyasətABŞ Müdafiə Nazirliyinin nəşri olan "Stars and Stripes" Konqresi "907-ci düzəliş"i tam ləğv etməyə və Zəngəzur dəhlizi (TRIPP) layihəsinin uğurunu möhkəmləndirməyə çağırıb. "907-ci düzəliş" 1992-ci ildə erməni diasporunun təsiri altında qəbul edilib və Azərbaycana ABŞ hökumətindən birbaşa iqtisadi və təhlükəsizlik yardımı göstərilməsini qadağan edirdi.
Düzəliş Donald Tramp tərəfindən bir il müddətinə dondurulub, lakin tam ləğvi Konqresdən asılıdır.
ABŞ Prezidenti Pentaqonun təklifini dəstəkləyib parlamentə belə bir müraciət ünvanlasa, düzəliş aradan qalxa bilərmi?
"Stars and Stripes" nəşrinin bu çağırışı Pentaqonun Azərbaycan-ABŞ əlaqələrinə dair mövqeyinin dəyişdiyini göstərirmi?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: "Qeyd etmək lazımdır ki, 907-ci düzəlişin ləğvi tamamilə aktualdır və hesab edirəm ki, Azərbaycan və ABŞ arasında müasir dövrdə yaranan xoş və səmimi münasibətlər 907-ci düzəlişin tam aradan qaldırılmasına şərait yaradacaq. Eyni zamanda ABŞ prezidenti Donald Tramp və cənab Prezident İlham Əliyev arasında da çox yaxşı münasibətlər mövcuddur. Dövlətimizin başçısı həmçinin Misirdə təşkil olunan Sülh Samitində iştirak etmişdir. Burada ABŞ lideri prezidentimizin üvanına çox dəyərli fikirlər səsləndirmişdir. Hazırkı dövrdə 8 Avqust Vaşinqton razılaşmasına əsasən 907-ci düzəlişin hüquqi qüvvəsi dondurulub, dayandırılıb, lakin arzu edirik ki, hökumətin müraciəti əsasında Konqresdə də bu məsələyə müsbət baxılacaqdır.
Azərbaycan torpaqları işğal olunan zaman 1992-ci ildə erməni diasporasının təsiri altında bu düzəliş qəbul olunmuşdu və sənədin qəbulundan sonra ABŞ-Azərbaycan münasibətlərində həm də təzadlar yarandı, ciddiyyətlər genişləndi. ABŞ Azərbaycana yardımlarını etməkdən çəkindi və bu, erməni lobbisinin bir nailiyyəti kimi qələmə verilirdi.
Lakin hazırda vəziyyət dəyişib və Azərbaycanın xeyrinə bu vəziyyət dəyişməkdədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Pentaqonun "Stars and Stripes" nəşri çox nüfuzlu bir dərgidir və məhz bu dərgidə Cənubi Qafqaza dair məsələlərin işıqlandırılması, ABŞ-Azərbaycan münasibətlərinə diqqətin ayrılması təsadüfi deyil. Ümid edək ki, məsələ nəşirdə də qeyd olunan kimi 907-ci düzəliş tamamilə aradan qaldırılacaq və ABŞ-Azərbaycan münasibətlərində tamamilə keyfiyyətcə yeni mərhələnin başlanğıcını şahid olacağıq".
Zeynəb Mustafazadə