Erməni lobbisinin təsiri: 907-ci düzəliş ləğv olunacaqmı? – ÖZƏL
16:34 Siyasət"907-ci düzəlişin ümumiyyətlə ləğvi məsələsi ilə bağlı hələlik danışıqlar davam edir. Bildiyiniz kimi, bu ilin 8 avqust tarixində Donald Tramp və İlham Əliyev arasında keçirilən görüş zamanı 907-ci düzəlişlə bağlı müəyyən fikir mübadiləsi aparılmışdı. Həmin görüşdən sonra Tramp bu düzəlişin tətbiqini müvəqqəti olaraq dayandırdı".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, hazırda Azərbaycanla ABŞ arasında münasibətlərdə müşahidə olunan isinişmə və yaxınlaşma, xüsusilə də Bayden administrasiyasından sonra, daha fərqli xarakter daşıyır. Tramp dövründə Azərbaycanla ABŞ arasında münasibətlər, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı mərhələdə daha praqmatik məcraya yönəlmişdi. Tramp administrasiyası Azərbaycanın atdığı addımlara və bölgədə formalaşan yeni reallıqlara, o cümlədən Zəngəzur dəhlizinin açılmasına, logistika imkanlarının genişlənməsinə və Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna müsbət yanaşırdı. ABŞ bu gün Cənubi Qafqaz regionunda təsir gücünü artırmaq niyyətindədir və Rusiya ilə rəqabət müstəvisində Azərbaycanla əməkdaşlıq bu məqsədə xidmət edir. Xüsusilə qeyd edilməlidir ki, Bayden dövründə Azərbaycanla ABŞ münasibətləri müəyyən gərginlik mərhələsi keçsə də, Trampın prezidentliyə qayıdışı bu əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
"Tramp administrasiyası üçün əsas prioritetlərdən biri iqtisadi maraqlardır. Qafqaz regionunda Rusiyanın təsirinin azalması və ABŞ-nin bu bölgədə öz mövqelərini gücləndirməsi Trampın strateji məqsədlərinə uyğundur. Bu baxımdan TRIPP, yəni Zəngəzur dəhlizinin açılması və bu layihədə Amerika şirkətlərinin logistik fəaliyyətlərdə birbaşa iştirakı ABŞ üçün həm iqtisadi, həm də siyasi baxımdan önəmli sayılır.
Bütün bu proseslərdə Trampın İlham Əliyevlə şəxsi münasibətləri də mühüm rol oynayır. Lakin qeyd etmək lazımdır ki, Tramp 907-ci düzəlişi tamamilə ləğv edə bilməz. Çünki bu düzəliş ABŞ Konqresi tərəfindən qəbul olunub və onun arxasında erməni lobisinin təsiri dayanır. Düzəlişin ləğvi üçün Tramp Konqresə rəsmi müraciət etməlidir. Hazırda o, sadəcə olaraq bu düzəlişin tətbiqini müvəqqəti dayandırıb, bu da münasibətlərin normallaşması üçün atılmış addım kimi qiymətləndirilir," - deyə R. Məmmədova vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, gələcəkdə bu məsələnin Konqresə təqdim olunması Tramp administrasiyasının Azərbaycanla münasibətlərdə hansı istiqamətdə hərəkət edəcəyindən, həmçinin ABŞ-nin bölgədəki iqtisadi və siyasi maraqlarından asılı olacaq.
Əgər ABŞ və Azərbaycan bu maraqlar baxımından ortaq mövqedə birləşə bilsələr, Tramp Konqres qarşısında 907-ci düzəlişin ləğvi məsələsini qaldıra bilər. Lakin bu zaman yenə də Konqres üzvlərinin mövqeyi və erməni lobisinin təsiri həlledici olacaq.
Xatırladaq ki, 907-ci düzəliş vaxtilə məhz erməni lobisinin maliyyə dəstəyi və siyasi təzyiqi nəticəsində qəbul edilmişdi. İndi də bu lobbinin Konqresdəki təsir gücü məsələnin necə inkişaf edəcəyini müəyyənləşdirəcək. Əgər Tramp Konqres üzvlərinə kifayət qədər təsir göstərə və siyasi təzyiq imkanlarından istifadə edə bilsə, bu düzəlişin gələcəkdə ləğvi real ola bilər. Lakin hazırda bu barədə konkret nəsə demək çətindir, çünki ABŞ qanunvericiliyinə əsasən, belə qərarlar prezidentin deyil, Konqresin səlahiyyətinə daxildir.
"Trampın gələcək iqtisadi və siyasi maraqları bu məsələnin taleyində əsas rol oynayacaq. Əgər bu maraqlar Azərbaycanın mövqeləri ilə üst-üstə düşərsə, 907-ci düzəlişin ləğvi istiqamətində real addımlar atıla bilər," - deyə ekspert sonda əlavə edib.
Sevda Dəniz