Makron ABŞ-yə qarşı niyə Çin kartını oynayır? – ŞƏRH – ÖZƏL
13 Noyabr 2025 16:08 SiyasətFransa Prezidenti Emmanuel Makron 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə Çin lideri Si Cinpini dəvət etməyi planlaşdırır. Bloomberg-in məlumatına görə, Makron bu gözlənilməz addımla "səssizliyə batmaqda olan G7"-ni aktivləşdirməyi hədəfləyir.
Bu təklif Qərb müttəfiqləri arasında ciddi gərginlik yaratmaq potensialına malikdir. Çünki G7 illərdir Çinin qlobal təsirinə və Rusiyaya dəstəyinə qarşı çıxış etməyə fokuslanıb. Bu dəvət transatlantik birliyi təhdid edə bilər, çünki ABŞ və Avropa arasında Çin siyasəti ilə bağlı fikir ayrılıqlarını dərinləşdirir.
"Fransa Prezidenti Emmanuel Makronun bu davranışı, şübhəsiz ki, artıq G7 qrupunda müəyyən dərəcədə parçalanmanın olduğunu göstərir. Makron bu addımı ilə demək istəyir ki, Çinə qarşı mübarizə artıq effektiv deyil və əslində Çinlə əməkdaşlıq daha vacibdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, ümumiyyətlə, son zamanlar istər Fransa, istərsə də Almaniya Çinlə əməkdaşlığa xüsusi önəm verir. Məsələn, bir müddət əvvəl Almaniya rəhbərliyi Çinə səfər etmiş və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı baxımından mühüm danışıqlar aparılmışdı. Görünür ki, rəsmi Paris də Pekinlə əməkdaşlığı prioritet istiqamət kimi görür. Bütün bunların fonunda demək olar ki, Avropa İttifaqına daxil olan ölkələr gələcəkdə Çinlə əməkdaşlığı daha da genişləndirəcəklər. Bu isə, təbii ki, Amerika Birləşmiş Ştatlarının maraqlarına uyğun deyil.
"Makronun Çin liderini Parisə dəvət etməsi əslində ABŞ-yə ünvanlanmış bir mesaj kimi qiymətləndirilə bilər. O, bununla göstərmək istəyir ki, Avropanın təhlükəsizliyi və liderliyi məsələsində ABŞ tək deyil. Yəni Avropa Birliyi ölkələri yaranmış vəziyyətdən çıxmaq üçün Çinlə də əməkdaşlıq edə bilərlər.
Bu addım, bir növ, qlobal səviyyədə yeni bir rəqabət mühitinin formalaşmasına yönəlib. Hesab edirəm ki, bu, gələcəkdə həm siyasi gərginliyə, həm də iqtisadi rəqabətin daha da kəskinləşməsinə səbəb ola bilər," - deyə siyasi şərhçi əlavə edib.
Z. Əmrəliyev bildirib ki, hazırda Avropa bazarlarında ABŞ və Çin malları arasında ciddi rəqabət mövcuddur. Xüsusilə texnoloji sahədə bu rəqabət çox yüksək səviyyədə gedir. Çin öz texnoloji məhsullarına subsidiyalar tətbiq edir və bu subsidiyalar nəticəsində Çin malları Avropa bazarlarında Amerika məhsullarını sıxışdırır.
Onsuz da iqtisadi müstəvidə belə bir rəqabət var idi, lakin Fransa tərəfindən bu prosesin siyasi müstəviyə daşınması gələcəkdə Pekin və Vaşinqton arasında daha ciddi gərginlik yarada bilər. Görünür ki, yaxın gələcəkdə Çin və ABŞ Avropa məkanında həm siyasi, həm də iqtisadi baxımdan bir toqquşma mərhələsinə daxil olacaqlar.
Sevda Dəniz