Çin G7 masasında? Diplomatik cəsarət, yoxsa strateji təhlükə?- ÖZƏL
15:27 Siyasət" Emmanuel Makronun Si Cinpini G7 sammitinə dəvət planı ilk baxışdan "diplomatik cəsarət" kimi görünür, amma əslində Qərb daxilində parçalanma riskini artıran bir addımdır. G7-nin son illərdə əsas hədəfi Çin və Rusiyanın artan təsirini məhdudlaşdırmaq olduğu halda, Pekini masa arxasına gətirmək bu konsepsiyanı faktiki şəkildə zərərsizləşdirə bilər. Makronun bu təklifi transatlantik birliyə ciddi zərbə vurmaq potensialına malikdir, çünki ABŞ və Böyük Britaniya kimi ölkələr Çinlə sərt rəqabət kursundan geri çəkilmək niyyətində deyillər".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"Makron isə Fransa diplomatiyasını "qütblərarası körpü" kimi təqdim etməyə çalışır. O, həm Avropa muxtariyyətini gücləndirmək, həm də Fransanı qlobal vasitəçi obrazında göstərmək istəyir. Bu plan Parisin Vaşinqtonla münasibətlərində yeni gərginlik yarada bilər, çünki ABŞ Çinlə "strateji rəqabət"i prioritet hesab edir. Çin üçünsə belə bir dəvət ideoloji qələbə kimi görünərdi - bu, onun "Qərbin içərisinə girmək" strategiyasına tam uyğun gəlir.
Lakin reallıqda Çin G7-yə qoşula bilməz, çünki bu qurum bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. Pekinin iştirakı maksimum müşahidəçi və ya "dialoq tərəfdaşı" statusu ilə məhdudlaşa bilər. Almaniyanın bu ideyaya müsbət yanaşması isə iqtisadi maraqlarla izah olunur - Berlin Çin bazarından asılılığını hələ də azalda bilməyib. Makronun əsas siyasi məqsədi həm Avropanı ABŞ-dan müstəqil göstərmək, həm də Fransasız qlobal dialoqun tam olmadığını sübut etməkdir. Amma bu cəhd G7-nin birliyini gücləndirmək əvəzinə, onun ideoloji təməlini daha da sarsıda bilər".
Zeynəb Mustafazadə