Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır- ÖZƏL

"Azərbaycan sosial dövlətdir və Prezidentin də tez-tez ifadə etdiyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Azərbaycan Prezidentinin sosial siyasətinin əsasında iki vacib prinsip var: sosial ədalət və sosial rifah. Şübhəsiz ki, bu siyasət ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Eyni zamanda, Prezidentin son müsahibəsində də vurğuladığı kimi, sosial siyasətin uğurla davam etməsi iqtisadiyyatın inkişafı ilə birbaşa əlaqədardır. Qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi imkanları genişləndikcə sosial müdafiə tədbirlərinin həm məbləği artır, həm də bu tədbirlər daha çox vətəndaşı əhatə edir. Prezidentin fərman və sərəncamları əsasında indiyədək dörd sosial islahat paketi uğurla həyata keçirilib. Bu ilin əvvəlindən isə beşinci sosial islahatlar paketi tətbiq olunmağa başlanıb". YAP Yardımlı Rayon Təşkilatından "Olaylar"a bildirilib ki, indiyədək keçirilən dərin sosial islahatlar dörd milyondan çox vətəndaşımızı əhatə edib və dövlət büdcəsindən əlavə olaraq bu məqsədlə hər il yeddi milyard manat vəsait xərclənib. Builki sosial islahatları da əlavə etsək, artıq cari ildən başlayaraq sosial məqsədlərə ildə 8,5 milyard manat vəsait xərclənəcək. Elə bu səbəbdəndir ki, Prezidentin elan etdiyi beşinci sosial islahatlar paketi çərçivəsində minimum əməkhaqqı 55 manat artırılaraq 400 manata, minimum pensiya 40 manat artırılaraq 320 manata çatdırıldı. Beləliklə, 2025-ci il üçün dövlət büdcəsində sosialyönümlü xərclər 17 milyard manatı keçdi. Bu isə bütövlükdə dövlət büdcəsinin 41 faizi deməkdir. 
         Bu kimi tədbirlər - daimi pensiyaların, orta aylıq əməkhaqqının artması, bütövlükdə əməkhaqqı fondunun böyüməsi vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasına gətirib çıxarır. Azərbaycanda ən çox diqqət və qayğıya layiq olan şəxslər heç vaxt unudulmur. İlk növbədə, şəhid ailələri, qazilər, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar və sair kateqoriyaları əhatə edən şəxslər istər məşğulluğun təmin olunması, istər mənzil-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də pensiya, müavinət təqaüdünün artırılması baxımından daim dövlətin və şəxsən Prezidentin diqqətindədir. İndiyədək 15 mindən çox şəhid ailəsi və qazinin dövlət tərəfindən hər cür şəraiti olan təmirli mənzillərlə təmin olunmasını qeyd etmək olar. Bu da onu deməyə əsas verir ki, yaxın illərdə artıq mənzillə təmin olunmayan şəhid ailəsi və yaxud qazimiz qalmayacaq. Onu da deyim ki, Azərbaycan dünyanın çox nadir ölkələrindən biridir ki, qazilərinə və şəhidlərinə dövlət tərəfindən belə qayğı göstərilir, mənzillər verilir, tibbi göstərişlərinə görə qazilər minik avtomobilləri ilə, rəqəmsal texnologiya əsasında çalışan protez ortopedik vasitələrlə təmin olunurlar. Dövlət vəsaiti hesabına onların ölkəmizdə və xaricdə müalicələri həyata keçirilir. 
       Eyni zamanda, bütün reabilitasiya və məşğulluq proqramlarına birinci növbədə bu şəxslər cəlb edilirlər. Yeni iş yerlərinin açılması, vətəndaşlarımızın məşğulluq imkanlarının genişləndirilməsi, xüsusən gənclərin və ilk peşə fəaliyyətinə başlayan şəxslərin peşə hazırlığının aparılması, onların daha çox tələb olunan və daha çox əməkhaqqı verilən ixtisaslara yönləndirilməsi istiqamətində də kifayət qədər işlər görülür. Məsələn bu məqsədlə 2025-ci ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti ötən ilə nisbətən 9,5 faiz artırılıb. Pensiya təminatının, vətəndaşlarımızın ehtiyacı olan müavinət və təqaüdlərin təmin olunmasının yüksək səviyyədə həyata keçirilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri də bu il ötən ilə nisbətdə 1,5 faiz artırılaraq 7,7 milyard manata çatıb. Beləliklə, 2025-ci ilin dövlət büdcəsi xərcləri 41 milyard manata və bütövlükdə icmal büdcənin xərcləri isə 48 milyard manata çatıb ki, bu da müstəqilliyimizin son illərinin ən yüksək büdcəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31