İcra hakimiyyətlərinin ləğvi yerlərdə idarəetməni necə dəyişə bilər?- ÖZƏL
14:24 Siyasətİcra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələ aylardır mediada müzakirə olunur, bu barədə müxtəlif mövqelər səsləndirilir. Əsas fikir isə ondan ibarətdir ki, icra hakimiyyətləri artıq köhnəlmiş struktur kimi ləğv edilə bilər.
İcra hakimiyyətlərinin ləğvi və xüsusi nümayəndəlik sisteminə keçid Azərbaycanın idarəetmə modelinə hansı yenilikləri gətirə bilər? Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Azərbaycanda icra strukturlarında çalışan məmurların müəyyən hissəsinin fəaliyyətində müşahidə edilən qanundankənar hallar məmur özbaşınalığının bariz ifadəsidir. Onlara qarşı qanunvericilik çərçivəsində tədbirlər görülsə də, cəmiyyət yerlərdə demokratik idarəetmənin işartılarını hələ ki, müşahidə etmir. Qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunan məmurların əməlləri onların rüşvət və korrupsiyaya uğradıqlarını göstərməklə yanaşı, mərkəzi hakimiyyətdə belələrinə himayədarlıq edən iri ranqlı məmurların olduğu faktlarını da aşkarlamışdır.
Yuxarıdan aşağıya doğru dövlətin icra strukturlarında dərin kök salmış bu məmurlarla mübarizənin inzibati-amirlik metodları ilə aparılması və həyata keçirilən kadr islahatları hələ ki, gözlənilən ümidləri doğrultmur. Yerlərdə nümayəndəlik demokratiya təsisatları yaradılmayana, habelə onların fəaliyyətinə qanunvericilik bazasında nizam verilməyənə qədər korrupsiya və məmur özbaşınalığına qarşı aparılan mübarizənin gözləntiləri doğrultmayacağı birmənalıdır.
Fikrimizcə, Azərbaycanda dövlət idarəediciliyinin təkmilləşdirilməsi zərurəti artıq yetişib və dövlət başçısına seçicilərin etimadı onun təşəbbüsü ilə kardinal dəyişikliklərin aparılması üçün zəmin ola bilər. Yerlərdə bələdiyyə institutlarının fəaliyyət sferasını genişləndirə biləcək ciddi struktur islahatlarının aparılması, bölgələrdə idarəetmənin mərkəzi hakimiyyət qarşısında hesabatlılığının saxlanılması şərtilə onların mərkəzi hakimiyyətdən olan asılılığının tədricən aradan qaldırılması, idarəetmədə inzibati bölgünün valilik sistemi ilə əvəzlənməsi və bu zaman rayonların ləğvi yerlərdə hakimiyyət rəsmilərinin seçkilərdən və deməli seçicilərdən asılılığını gücləndirə, onların qarşısında məsuliyyətini artıra bilər.
Valilik sistemi yerlərdə demokratik idarəetməyə keçidi sürətləndirməklə yanaşı, sosial və iqtisadi yönümlü problemlərin həllinə yerli resursların cəlb edilməsinə şərait yaratmaqla yerlərdə iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının inkişafına stimul verə, bölgələrdə əhalinin gəlirlərinin artmasına təkan verərək idarəetmədə dotasiya sisteminin çəkisinin əhəmiyyətli şəkildə aşağı düşməsinə səbəb ola bilər.
Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazın üç ölkəsindən artıq ikisində dövlət idarəediciliyinin prezidentli respublika forması parlamentli respublika üsulu ilə əvəzlənmişdir. Bu isə bəlli ölkələrdə demokratik idarəetmə prinsiplərinin yuxarıdan aşağıya doğru tətbiqinə daha geniş şərait yaratmış və nümayəndəli demokratiya institutlarının idarəetmədə çəkisinin əhəmiyyətli şəkildə artmasına səbəb olmuşdur. Azərbaycanda da bu sahədə keçiriləcək islahatların uğurunu təmin etmək üçün siyasi sistemin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək, məhkəmə hakimiyyətinin gerçək müstəqilliyinə təminat verə biləcək qanunvericilik bazasını təkmilləşdirmək lazımdır".