"Köhnəlmiş model": İcra Hakimiyyətləri sistemi ləğv ediləcək? – ÖZƏL

Azərbaycanda yerli idarəetmə sisteminin taleyi ilə bağlı mühüm müzakirələr gedir. Son aylardır kütləvi informasiya vasitələrində və ekspert dairələrində İcra Hakimiyyəti (İH) institutunun ləğvi ehtimalı geniş şəkildə müzakirə olunur.
Bu müzakirələrin əsas tezisi ondan ibarətdir ki, İH-lər müasir dövlət idarəetməsinin tələblərinə cavab verməyən, köhnəlmiş və mərkəzləşdirilmiş bir struktur kimi öz funksionallığını itirib. Aparılan islahatlar fonunda, bu qurumların daha şəffaf, çevik və yerli özünüidarəetmə prinsiplərinə əsaslanan bir sistemlə əvəz edilməsi ehtiyacı önə çəkilir.

"İcra hakimiyyətləri sistemi əslində köhnəlmiş bir idarəetmə strukturudur. Bu sistem, demək olar ki, sovet dövründən qalmış bir idarəetmə modelidir. İcra başçıları da hələ də həmin dövrün yanaşması ilə rayonları idarə edirlər və müasir idarəetmə tələblərindən tamamilə uzaqdırlar".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, ən maraqlı məqam ondan ibarətdir ki, kim icra başçısı təyin olunursa, bir müddətdən sonra özündən əvvəlki icra başçısının davranışlarını və idarəetmə metodlarını eynilə təkrarlayır. Yəni, dəyişiklik yalnız neqativ istiqamətdə özünü göstərir.

"Təbii ki, bu, idarəetmə modelinin yenidən qurulmasına və icra hakimiyyətləri ilə bağlı ciddi islahatların aparılmasına ehtiyac olduğunu göstərir. Belə islahatlar ölkədə yeni bir ab-hava və inkişaf modeli formalaşdıra bilər.
Hazırkı vəziyyətdə icra hakimiyyətlərinin fəaliyyəti daha çox neqativ təsir göstərir. Onlar mərkəzi hakimiyyətlə əhali arasında narazılıq və ziddiyyət ehtimalını artıran addımlar atırlar. İcra hakimiyyətlərinin fəaliyyəti bu gün Azərbaycan dövlətinə ciddi bir pozitiv nəticə qazandırmır," - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin fikrincə, Azərbaycan dövləti bu problemi artıq həll etməlidir. İlk növbədə bölgələr üzrə Prezidentin xüsusi nümayəndələrinin səlahiyyətləri artırılmalı, icra hakimiyyətləri ləğv edilməli, paralel olaraq isə bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir.
Bu kimi addımlar bölgələrdə idarəetmə sistemini daha ədalətli və çevik bir modelə yaxınlaşdıra bilər. Buna görə də, icra hakimiyyətləri ilə bağlı prinsipial qərarların qəbul edilməsinin vaxtı çoxdan çatıb və böyük ehtimalla Azərbaycan dövləti bu istiqamətdə müəyyən addımlar atacaq.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31