Separatçı Balasanyanın qayıdış xülyası: Qarabağla bağlı manipulyasiya bitmir - ÖZƏL
12:44 SiyasətXocalı qətliamında və Qarabağın işğalında iştirak etmiş separatçı Vitali Balasanyan yenidən Qarabağa qayıdacağına ümid etdiyini bildirib. O, 10 noyabr razılaşmasının hələ qüvvədə olduğunu və təhlükəsizlik zəmanəti verilərsə, qayıtmağa hazır olduğunu deyib. Balasanyan 2023-cü ilin sentyabr antiterror əməliyyatları zamanı Əsgəranda gizlənmiş, daha sonra Ermənistana qaçmışdı.
Onun 10 noyabr sənədinə istinadı hansı siyasi məqsədlərə xidmət edir?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Ermənistanda seçki prosesində biz çox müxtəlif bəyanatları eşidəcəyik və bunlar çox müxtəlif xarakterli olacaq. Xüsusilə də, Paşinyanın müxalifətdə olan qüvvələr tərəfindən Qarabağ mövzusunun yenidən istismar olunmasını görəcəyik. Artıq bunu görürük, bu mövzu ətrafında manipulyasiyalar davam edir. Balasanyanın 10 noyabr üçtərəfli bəyanatının qüvvədən düşmədiyi ilə bağlı fikirlərini də eşitdik. Əlbəttə ki, bu, sadəcə ritorikadır və heç bir əsası yoxdur. 10 noyabr anlaşması ilk növbədə 5 illik müddətə bağlanmış bir müqavilə idi və həmin müqavilənin vaxtı artıq başa çatıb. Bundan başqa, həmin bəyanatda nəzərdə tutulan müddəaların əhəmiyyətli hissəsi həyata keçib, yalnız kommunikasiyaların açılması ilə bağlı məsələ qalıb. Yəni, Zəngəzur dəhlizinin açılması məsələsi. Bununla bağlı 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən bu proses həyata keçiriləcək və bu, ABŞ və Ermənistan arasında müzakirə olunan bu mövzu ilə bağlı artıq ilkin razılaşmalar var və gələn ilin ikinci yarısında bu layihənin praktik icrası ilə bağlı addımlar atılacaq.
Ermənilərin "təhlükəsizlik qarantiyası ilə Qarabağa qayıdış" məsələsi artıq qapanmış bir mövzudur. Nəzərə alsaq ki, Ermənistanın baş naziri də bunun mümkün olmadığını, hazırkı mərhələdə bu məsələnin aktual olmadığını və Azərbaycan-Ermənistan normallaşmasına müsbət təsir göstərməyəcəyini bildirib. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan 2020-ci ildən sonra dəfələrlə erməni əhalisinə müraciət edib, onların Qarabağda təhlükəsiz şəkildə yaşayacağına zəmanət verdi. Onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı plan təqdim olunub, amma orada yaşayan əhali könüllü şəkildə, öz qərarı ilə bölgəni tərk edib. O baxımdan bu, müzakirə mövzusu deyil. Bu, sadəcə olaraq Balasanyan və onun kimi şəxslər tərəfindən ortaya atılmış iddialardır, manipulyasiyalardır və heç birinin gerçək tərəfi yoxdur, reallaşması da mümkün deyil".
Zeynəb Mustafazadə