Milyonlar qarşısında məmurlara daha bir ciddi xəbərdarlıq
11:30 SiyasətAzərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə islahatlar həyata keçirilib. Xüsusən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, uğurlu inkişaf siyasəti bütün sahələrdə özünü büruzə verir. İslahatlarda əsas məqsəd ölkəmizin dünya birliyinə daha yaxından inteqrasiyası, idarəetmədə əsaslı dəyişikliyin, yeniliyin və çevikliyin yaradılması, əhalinin rifahının daha da yüksəldilməsidir. Bütün bunların həyata keçirilməsi üçün kadr siyasəti də önəmli rol oynayır. Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar zamanı kadr seçimində, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınır. Son illər bu istiqamətdə həyata keçirilən struktur islahatları ölkəmizin inkişafında, eləcə də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə mühüm rol oynayıb. Elə dövlət başçısı İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə yeni başçıların təyin etməsi fikrimizi bir daha təsdiqləyir. Prezidentin yeni təyin olunan icra başçılarının qəbulu zamanı söylədiyi fikirlər, verdiyi tapşırıqlar deməyə əsas verir ki, dövlət başçısı təkcə kadrları təyin etmir, həm də onların fəaliyyət istiqamətini müəyyən edir, görəcəkləri işlərin konturlarını cızır: "Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir". Göründüyü kimi dövlət başçısı etimad göstərərək təyin etdiyi icra başçılarından məsuliyyət, cavabdehlik, dürüstlük, ən əsası isə xaqın yanında olmalarını tələb edir. Etiraf edilməlidir ki, son illərdə struktur islahatları çərçivəsində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi rəğbətlə qarşılanır. Bu uğurlu islahat, eyni zamanda, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizədə də öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin kadr islahatlarını, idarəetmədə modern strukturun yaradılmasını, bu sahənin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayıb. Aparılan struktur və kadr islahatları həm də iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə yol açır. Dövlətimizin başçısı vəzifəyə yeni təyin etdiyi kadrların qarşısında ciddi məsələlər qoyur. Əsas tələblərdən biri də xalqın xidmətçisi olmaq, vətəndaşlarla təmas platformasını genişləndirməkdir. Ölkə rəhbərinin kadr siyasəti məhz həmin prinsiplər əsasında qurulur. Dövlətimizin başçısı rayonlara yeni təyin etdiyi kadrlar qarşısında prioritet vəzifə qoyur, rüşvətxorluğa və korrupsiyaya meyil edən məmurların ən sərt şəkildə cəzalandırılacağını bəyan edir. Son illər bir sıra icra hakimiyyətlərində, nazirlik və komitələrdə aparılan əsaslı yoxlamalar da bunu təsdiqləyir: "Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər".
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndənin və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıların qəbulu zamanı bir daha məmurların fəaliyyəti ilə bağlı tapşırıqlarını verdi: "Hazırda, bölgələr ilə Bakı arasındakı iqtisadi balansın yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının qeyd etdiyi kimi, artıq bölgələrimizdə infrastrukturun formalaşması mərhələsi başa çatıb. İndi həmin infrastrukturun daha çox dəyər yaratması üçün bölgələrimiz sərmayələrin cəlbinin artırılması vacibdir. Regionlarda biznesin inkişafı həmçinin yeni iş yerlərinin yaradılması baxımdan da vacibdir. Hazırda, iri sahibkarlıq subyektlərinin 80 faizə yaxını Bakı şəhərinin payına düşür. Orta sahibkarların 65.0 %-i, kiçik sahibkarlıq subyektlərinin 70,0%-i, mikro sahibkarlıq subyektlərinin isə 68,0%-i paytaxtda fəaliyyət göstərir. Bu isə ondan xəbər verir ki, bölgələrə sahibkarların cəlbi baxımdan yerli səviyyədə fəaliyyətlərin genişləndirilməsi daha da aktualdır.
Yeni təyinatlarda gözləntilər də məhz Azərbaycanda balanslı iqtisadiyyatın dəstəklənməsinə töhvənin artırılmasıdır. Bu yeni iş yerlərinin yaradılmasına xidmət edəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Yeni sərmayələr məhz bu prioritetə daha qısa zamanda çatmağa dəstək olacaq. Son təyinatlar bir daha təsdiq etdi ki, Azərbaycanda institusional islahatlar dərinləşir. Kadr təyinatları isə islahatların dərinləşməsində əsas faktorlardan biri kimi çıxış edir.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, dövlət başçısı televiziya kameraları qarşısında, növbəti dəfə ciddi xəbərdarlıqlarını etdi: "Prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçılarını qəbul edərkən verdiyi tapşırıqlar, tövsiyələr təkcə həmin məmurlar üçün yox, bütövlükdə cəmiyyətə ötürülmüş mesajlar kimi qəbul olunmalıdır. Heç kimə sirr deyil ki, rayonlara yeni təyin olunan icra başçıları fəaliyyətə başladığı andan bəzi işbazlar, vəzifə xəstələri tərəfindən əhatə olunur. Belələri hər yerdə var və min cür oyunlardan çıxırlar ki, özləri, ətrafları üçün münbit şərait yaradılsın. Kriminolgiyada hər bir cinayət törətmiş şəxslərin, xüsusilə təkrar qanunsuz əməlləri ilə seçilənlərin psixoloji portretləri tərtib olunur. Qanında dələduzluq elementləri olanlar, "inandırmaq", "etibar qazanmaq" , "iş aşırmaq" , "istiqanlılıq" kimi "istedadları" ilə seçilirlər. Bəzi təcrübəsiz və yaxud qeyri-sağlam düşüncələrlə işini quran, ancaq şəxsi maraqlarını güdən başçılar belələrinin təsirinə tez düşür". Millət vəkili hesab edir ki, yeni təyin olunmuş rəhbərlər, cənab Prezidentin etimadını doğrultmaq istəyirlərsə, kadr seçiminə son dərəcə ciddi yanaşmalı, təmsil olunduqları komandanın nüfuzuna xələl gətirən bütün məsələlərdə prinsipiallıq nümayiş etdirməlidirlər: "Bundan ötrü tam sağlam şərait var. Prezident yaxın keçmişdə mövcud olmuş, mərkəzi orqanlar tərəfindən verilmiş qanunsuz tapşırıqları xatırlatdı. İctimaiyyət bilməlidir ki, ortada böyük siyasi iradə var, manipulyasiya və yaxud spekulyasiyaya yer yoxdur. Bir məsələni vurğulamaq yerinə düşər ki, artıq doqquz icra başçısı, digər müxtəlif ranqlı vəzifələr tutmuş şəxslər barədə, məhkəmə qərarları var. Birmənalı demək olar ki, onlar tamahlarının qurbanı olublar. Ən ali səviyyədə dəfələrlə edilmiş xəbərdarlıqları iqnor etmək, xəstəlikdir. Düşünürəm ki, cənab Prezidentin xəbərdarlıqlarından, verdiyi mesajlardan sağlam düşüncəli məmurlar düzgün nəticə çıxaracaq. Nəticə çıxarmayanları qanunun sərtliyi gözləyir, qozbelləri isə, adətən qəbir düzəldir. Cəmiyyət saflaşmalıdır, mənəvi cəhətdən sağlamlaşdırılmalıdır".
Alim