Azərbaycan Ordusu- regionun ən inkişaf etmiş hərbi qüvvəsi

Zəfər paradı bunu bir daha təsdiq etdi

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan,  Prezident İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi, öz torpaqlarını işğaldan azad etdi. Müharibəyə qədər illərlə aparılan məqsədyönlü siyasət, iqtisadi və hərbi potensialın gücləndirilməsi, beynəlxalq müstəvidə aparılan diplomatik mübarizə bu Qələbənin zəminini hazırladı. Azərbaycanın iqtisadi qüdrəti, hərbi sənaye kompleksinin formalaşdırılması, müasir silah sistemləri ilə təchiz edilmiş Ordumuzun yaranması, beynəlxalq aləmdə qazandığı yüksək nüfuz, bütün bunlar Zəfərin əsas sütunlarına çevrildi. 30 ilə yaxın davam edən işğal dövründə  Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmadı. Əmin oldu ki, haqq-ədalət bərpa olunacaq, üçrəngli bayrağımız yenidən  Qarabağ səmasında dalğalanacaq. Məhz bu inam, bu əzmkarlıq bizi Zəfərə apardı.
8 Noyabr - Zəfər Günü  Azərbaycanın tarixində ən qürurlu səhifələrdən biridir.  Zəfər Günü qələbənin qeyd edildiyi gün olmaqla yanaşı, həm də bir xalqın əzmini, dözümünü, birliyini və dövlətinə sədaqətini ifadə edən gündür. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi ilə  Azərbaycanın tarixi Qələbəsi rəsmiləşdi. Bu Qələbə yalnız hərbi deyil, həm də mənəvi, milli dirçəlişin, 30 illik ədalətsizliyə verilən cavabın Qələbəsi idi. Bu günü  dövlətimizin, ordumuzun və xalqımızın birlik və əzminin simvolu olan şanlı Qələbəni böyük fəxarətlə qeyd edirik. Bu dəfə də Qələbəmizin beş iliyini möhtəşəm Zəfər paradı ilə qeyd etdik.  
Etiraf edək ki, Azərbaycan Qələbəni hansısa kənar qüvvənin deyil, xalqın iradəsi və Ordunun gücü ilə əldə etdi. Müharibə dövründə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli diplomatiya  Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. Dövlət başçımızın dünyanın 30-dan çox aparıcı beynəlxalq media qurumuna verdiyi müsahibələr, dünya ictimaiyyətinə çatdırdığı haqq səsi informasiya cəbhəsində də  Azərbaycanın qələbəsini təmin etdi. Lakin bu təkcə Azərbaycanın deyi, bütün türk dünyasının Qələbəsi idi. 8 Noyabr Zəfərinin 5 ilinə həsr edilmiş hərbi parad fikrimizi bir daha təsdiqləyir. Paradda rəşadətli Silahlı Qüvvələrimizlə yanaşı, qardaş Türkiyə və Pakistanın hərbçilərinin təmsil olunması, sözügedən ölkələrin rəhbərlərinin nitq söyləməsi üç dövlətin "bir zindana çəkic vurmasının" göstəricisi idi. Bu baxımdan qeyd etmək olar ki,  Azadlıq Meydanında  Zəfər Günü münasibətilə keçirilən hərbi parad təkcə bir qələbənin deyil, həm də dövlət suverenliyinin bərpasının, milli iradənin və qlobal güc balansında Azərbaycanın yeni yerinin nümayişidir. Bu paradın əsas özəlliyi ondan ibarətdir ki, Türkiyə və Pakistan kimi iki mühüm regional və müsəlman dünyasının aparıcı dövlətlərinin liderləri paradda iştirak edərək, dünyaya həm siyasi, həm də mənəvi mesajlar verdilər. Prezident İlhan Əliyev Vətən müharibəsi dövründə hər iki dövlətin göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirdi: "Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq  Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!" deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür.
Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük  Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür". Reallıq ondan ibarətdir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Bakıya gəlişi Azərbaycanın diplomatik müstəqilliyini və qardaşlıq diplomatiyasının strateji nəticələrini bir daha təsdiqləyir. Türkiyə və Pakistan liderlərinin paradda birgə iştirakı, yeni bir geosiyasi üçbucağın, Ankara-Bakı-İslamabad xəttinin möhkəmləndiyini göstərir. 

Paradda müdafiə sənayemizin yeni silahlarının nümayiş etdirilməsi qürurverici hal idi. Ən müasir hərbi sursatların nümayişi deməyə əsas verir ki,  Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və texnoloji cəhətdən ən inkişaf etmiş hərbi qüvvəsidir. Ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, hərbi texnika parkının yenilənməsi və müasir texnologiyaların tətbiqi nəticəsində ordu tamamilə yeni səviyyəyə yüksəlib. Azərbaycan Ordusunun texnikası bu gün həm say, həm keyfiyyət, həm də müasir döyüş konsepsiyalarına uyğunluğu baxımından regionda ön sıradadır. Müasir texnologiyalar, peşəkar hərbi kadrlar, milli istehsal potensialı və strateji tərəfdaşlıqlar sayəsində Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı səviyyəsindədir. Bu güc təkcə müdafiə qabiliyyətini deyil, həm də regionda sülhün və sabitliyin qorunmasında Azərbaycanın rolunu daha da möhkəmləndirir. Artıq fəxrlə demək olar ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız xalqımızın azadlıq, müstəqillik və suverenlik rəmzidir. Onu da qeyd edək ki, tarixi ədaləti qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində canı-qanı hesabına bərpa etdi. Fərəhləndirici haldır ki,  İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş taktikası dünya hərb tarixində yenilik kimi müxtəlif ali hərbi məktəblərin dərsliklərinə salınıb. Qərbin bir sıra mətbu orqanlarında, eləcə də ABŞ-ın bir sıra analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31