Ermənistana taxıl idxalı kommunikasiya xətlərinin açılması üçün vacib şərtdir- ÖZƏL

"Rusiya kəşfiyyatının yaydığı məlumata görə, guya  Ermənistan Ukrayna hakimiyyəti ilə ölkəyə buğda idxalına dair danışıqlar aparır. Əslində isə bu məlumatın həqiqətə heç bir faktoroloji uyğunluğu yoxdur. Əlbəttə ki, yayılan məlumatın siyasi, ideoloji, həm də psixoloji təsir məqsədi göz qabağındadır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "İlk növbədə onu qeyd etmək lazımdır ki, Rusiyanın yaydığı bu məlumat əslində Ermənistanla əlaqəli deyil, xüsusi məqsəd daşıyır. Məlum olduğu kimi, Rusiya tərəfindən bu cür dezinformasiyanın tirajlanması Ermənistanın Qazaxıstan buğdasını Azərbaycan üzərindən, eləcə də Rusiyadan idxal olunan buğdanın yenə Azərbaycan üzərindən Ermənistana keçməsi fonunda baş verir. Demək, Rusiyanın yalan məlumatının hədəfi məhz müdaxilə və iştirak edə bilmədiyi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır.
Nəzəri baxımdan, əgər həqiqətən Ukraynadan Ermənistana buğda idxalı başlasa, bu, yalnız Gürcüstan və Qara dəniz üzərindən daha səmərəli görünür. Bu halda isə Azərbaycanla kommunikasiya xətlərinin açılması o qədər də əhəmiyyət kəsb etmir. Belə bir yanaşma hazırda Ermənistanda fəaliyyət göstərən revanşist dairələrin və Rusiya yönümlü siyasi elitaların baxış bucağı ilə üst-üstə düşür.
Ermənistanın Qazaxıstandan və Rusiyadan idxal etdiyi buğdanın həcmi əhəmiyyətli deyil, lakin kommunikasiya xətlərinin açılması üçün vacib şərtdir. Digər tərəfdən, Ukraynanın hal-hazırda Rusiyanın təcavüzünə qarşı apardığı müharibə şəraitində onun əlavə olaraq Ermənistana cüzi miqdarda belə buğda ixrac etməsi maraqlı ola bilməz. Həmçinin Ukrayna buğdasını  Avropa və Yaxın Şərqə daha yüksək qiymətə sata bilir.
Ona görə də Rusiyanın hazırda belə yalan məlumat yayması və məlumata Ermənistandan təkzib reaksiyası onu göstərir ki, əslində məsələ buğda və ümumiyyətlə, idxalla bağlı deyil. Məsələ Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması ilə bağlı Rusiyanın narahatçılığıdır.
Ermənistana Azərbaycan üzərindən buğda idxalı baş tutandan dərhal sonra rəsmi Moskva bildirdi ki, Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəaları əsasında baş tutub. Halbuki nə Azərbaycan, nə də Ermənistan bunu təsdiq etmədi. Qənaət budur ki, Rusiya hal-hazırda kənarda qalmaq təhlükəsi ilə üzləşdiyi üçün Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılmasının əleyhinədir.
Paralel olaraq, İran da Ermənistana öz ərazisindən, eləcə də Qazaxıstandan buğda idxalını təklif edib. Göründüyü kimi, Rusiya və İran eyni məqsəddən çıxış edir və əsas məqsəd Ermənistan və Azərbaycan arasındakı kommunikasiya xətlərinin açılmasını əngəlləməkdir.
Göründüyü kimi, Rusiyanın Ermənistan və Azərbaycan münasibətlərinin qarşısını almaq cəhdləri göz qabağındadır. Təbii ki, Rusiya Ermənistan-Azərbaycan arasında kommunikasiya xətlərinin açılmasından sonra Cənubi Qafqazda Türkiyə-Azərbaycan xəttinin güclənməsini qəbul edə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31