Şakir Ağayev: “Qəza ilə bağlı şübhəli məqamlar var, lakin…” – ÖZƏL

"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarə dünən Azərbaycan-Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 20 nəfər türk hərbçisi həlak olub. Qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, şəhid olan hərbçilərə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Şakir Ağayev deyib. Ekspert bildirib ki, qəzanın başvermə səbəbləri ilə bağlı hazırda müxtəlif versiyalar müzakirə olunur. Ümumiyyətlə, hərbi və ya mülki təyyarə qəzalarında bir neçə ehtimal nəzərdən keçirilir və kənar müdaxilə versiyası da istisna edilmir. Lakin ilkin araşdırmalara əsasən, təyyarənin gövdəsinə və ya idarəetmə sisteminə kənardan hər hansı müdaxilənin baş verdiyini göstərən sübutlar hələ aşkar edilməyib. Bu barədə dəqiq nəticə yalnız "qara qutu" oxunduqdan və təyyarənin qalıqları üzərində ekspertiza aparıldıqdan sonra məlum olacaq.

Siyasi şərhçi qeyd edib ki, qəza baş verən kimi Azərbaycan dərhal Qardaş Türkiyənin yanında olduğunu bildirdi. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib və telefonla əlaqə saxlayıb. Həmçinin Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlar hadisənin araşdırılmasında Türkiyə ilə birgə əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.
Hazırda hadisə ilə bağlı ekspertlər və tədqiqatçılar araşdırma aparır və qəzanın dəqiq səbəbi yalnız bu proses başa çatdıqdan sonra müəyyən ediləcək.

"Şübhəli məqamların mövcud olduğu bildirilir, lakin indidən konkret nəticə çıxarmaq düzgün olmazdı. Çünki bu, ölkələr arasında münasibətlərə və milli maraqlara mənfi təsir göstərə bilər. Səbəbsiz şəkildə kimisə ittiham etmək və ya əsasız versiyalar səsləndirmək doğru deyil. Əgər sonradan kənar müdaxilə ehtimalı təsdiqlənsə belə, bu, yalnız rəsmi araşdırma və ekspert rəyi ilə sübut oluna bilər. Belə bir hal baş verərsə, bu, regionda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə təsir göstərə biləcək mühüm hadisə sayılar," - deyə Ş. Ağayev vurğulayıb.

Siyasi şərhçinin sözlərinə görə, bu faciəvi hadisə, əksinə, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, qarşılıqlı dəstəyin və həmrəyliyin güclənməsinə xidmət edəcək.
Bu kimi ağır hadisələr, nə qədər ağrılı olsa da, iki dövlətin strateji əməkdaşlığını və birliyini daha da dərinləşdirə bilər.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31