"Konstitusiya müstəqilliyin zəmanət sənədidir" – Taleh Əliyev – ÖZƏL

"Müasir dünyada dövlətin əsas atributlarından biri onun Konstitusiyasıdır.
Konstitusiya ölkənin siyasi sistemini, iqtisadi modelini, idarəetmə formasını - bir sözlə, qanun və hüquq anlayışına aid olan ən ali və təməl prinsipləri özündə əks etdirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan Respublikasının da müstəqilliyini qazandıqdan sonra, 1995-ci ildə qəbul edilmiş Konstitusiyası, dövlətin siyasi sistemi, idarəetmə forması, iqtisadi modeli, insan və vətəndaş hüquqlarının təməl prinsiplərini özündə ehtiva edən əsas qanun kimi meydana çıxmışdır.

"Dünya təcrübəsində olduğu kimi, Konstitusiyaya zaman-zaman əlavələr və dəyişikliklərin edilməsi halları müşahidə olunur. Keçən bu 30 il ərzində Azərbaycanın Konstitusiyasında da müəyyən dəyişikliklər baş vermişdir. Lakin bununla belə, Konstitusiyada əksini tapan əsas prinsiplər bu gün də qüvvədədir və Azərbaycanın dayanıqlı hüquq sisteminin əsasını təşkil edir," - deyə ekspert əlavə edib. 

Siyasi şərhçi vurğulayıb ki, 2025-ci ilin Azərbaycanda Suverenlik və Konstitusiya İli elan edilməsi, dövlətin ali qanununa diqqətin bir daha yönəldilməsi baxımından çox əlamətdar hadisədir. Bu təşəbbüs həm də Azərbaycan Konstitusiyasının ölkə həyatındakı yerinin və rolunun, xüsusilə də gənclər arasında təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır. Gələcəkdə də Azərbaycan Konstitusiyası dövrün və zamanın tələblərinə uyğun olaraq müəyyən əlavələr və dəyişikliklərlə yenilənə bilər. Bu, tamamilə normal prosesdir və dünya praktikasında da belə hallara tez-tez rast gəlinir.

"Müstəqil bir dövlətin varlığını müəyyən edən əsas atributlardan biri olan Konstitusiya, onun suverenliyinin və müstəqilliyinin əsas dayağıdır. Bu baxımdan Azərbaycan Konstitusiyası ölkəmizin müstəqilliyinin zəmanət sənədi kimi çıxış edir və dövlətin keçmişindən gələcəyə doğru inkişaf yolunu özündə əks etdirən mühüm hüquqi topludur. O, ölkənin qanunvericilik bazasının əsasını təşkil edir. Zaman-zaman qəbul olunan qanunlara diqqət yetirdikdə görmək olar ki, həmin sənədlərdə "qanun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hazırlanır və tətbiq edilir" müddəası öz əksini tapır. Bu isə onu göstərir ki, Konstitusiya bütün qanunların başlanğıc nöqtəsi, əsas istinad mənbəyidir," - deyə Taleh Əliyev fikirlərinə əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31