Rubinyan: “Azərbaycan hərbi büdcəsini, Köçəryan isə ailə büdcəsini artırırdı”

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan öz feysbuk səhifəsində keçmiş prezident Robert Köçəryanı sərt tənqid edib.

Olaylar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Rubinyan yazır ki, Köçəryanın ofisinin rəhbəri "faktlarla deyil, emosiyalarla mübahisə edir".

"Başa düşmürəm, nə üçün Köçəryanın ofisinin rəhbəri faktlarla mübahisə etməyə qərar verib. Mənimlə mübahisə etsin, etiraz etmirəm, amma faktlarla niyə mübahisə edir?", - deyə Rubinyan bildirib.

O, paylaşımına iki illüstrasiya da əlavə edib:

"Birinci şəkildə 1998-ci ildə - Köçəryanın prezidentliyinin ilk ilində - Ermənistan və Azərbaycanın hərbi büdcələrinin nisbəti 1:1,1 idi, yəni demək olar ki, bərabər. İkinci şəkildə isə - Köçəryanın prezidentliyinin son ili olan 2008-ci ildə - bu nisbət artıq 1:5,3 olmuşdu. Yəni Azərbaycanın hərbi büdcəsi Ermənistanınkından beş dəfədən çox idi".

Rubinyan fikrini belə yekunlaşdırıb:

"Bu 10 il ərzində Azərbaycan hərbi büdcəsini böyüdürdü, Köçəryan isə ailə büdcəsini. Odur ki, Köçəryanın ofis rəhbəri boş danışmaq əvəzinə bir az oxusun". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31