1995-dən 2025-ə: Azərbaycan Konstitusiyasının suverenlik missiyası- ÖZƏL
15:24 SiyasətBu gün, 12 Noyabr, Azərbaycan Respublikasında Konstitusiya Günü kimi qeyd edilir. Məhz bu tarixdə, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyin əsasını qoyaraq ölkəni beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi təsdiqləmişdir. Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu tarixi sənədin strateji əhəmiyyətini yenidən ön plana çıxarır və dövlətin hüquqi əsaslarının yaradılması və möhkəmləndirilməsindəki rolunu vurğulayır.
"Konstitusiya və Suverenlik İli"nin elan edilməsi 30 ilə yaxın tarixi olan Konstitusiyanın müasir dövlətçilik üçün siyasi və strateji əhəmiyyətini necə vurğulayır?
"Konstitusiya və Suverenlik İli"nin elan edilməsi müasir dövlətçilikdə Azərbaycan üçün yeni perspektivlər açır. Bu təşəbbüs yalnız hüquqi sənədin əhəmiyyətini göstərmir, həm də ölkəmizin müstəqilliyini və suverenliyini bir daha ön plana çıxarır".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası ölkəmizi müstəqil və suveren dövlət kimi təsdiqləyib. İşğaldan sonra qəbul edilməsinə baxmayaraq, 28 il sonra tam şəkildə Konstitusiya bütün ərazilərimizdə öz təsdiqini tapdı və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyinin bərpasında hüquqi əsas rolunu oynadı.
Düz 30 il sonra "Konstitusiya və Suverenlik İli"nin elan edilməsi göstərir ki, Konstitusiya müasir dövrdə də hüquqi idarəçiliyin rəhbər prinsipi və dövlətin strateji dayağı olaraq qalır. Bu addım həm ölkəmiz, həm xalqımız, həm də gələcək nəsillər üçün böyük strateji əhəmiyyət daşıyır" .
Zeynəb Mustafazadə