Paşinyan: Artsvaşenlə bağlı konkret razılaşmalar yoxdur, hər şey delimitasiyadan sonra müzakirə olunacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-də jurnalistlərlə söhbətində Artsvaşenin ssenariləri ilə bağlı konkret razılaşmaların olmadığını bildirib.
Paşinyan əmin edib ki, Ermənistanın heç bir nümayəndəsi suveren ərazilərdən imtina edə bilməz və onun sosial şəbəkələrdəki yazısı ərazi bütövlüyünün bərpası gündəliyini təsdiqləyir. 

O, Artsvaşen məsələsinin delimitasiya prosesi vasitəsilə həll oluna biləcəyini düşünür. Baş nazir əlavə edib: "Biz yazılı öhdəliklərimizə əməl etməliyik və mən hər hansı güc ssenarisini istisna edirəm".

Onun sözlərinə görə, delimitasiya nəticəsində Alma-Ata Bəyannaməsi əsasında ölkələrin ərazi bütövlüyü trayektoriyası təsdiqlənməlidir. Nikol Paşinyan vurğulayıb ki, bundan sonra bütün mümkün kombinasiyalar və variantlar müzakirə olunacaq.

Paşinyan yekun olaraq qeyd edib: "Artsvaşenlə bağlı başqa ssenarilərlə getmək barədə söhbətlər var. Ermənistan xalqının iradəsi nəzərə alınmadan heç kim başqa ssenari ilə gedə bilməz. Əgər söhbət ərazi mübadiləsindən gedərsə, Ermənistan vətəndaşlarının mövqeyi ifadə edilmədən bunu etmək mümkün olmayacaq. Hətta söhbət referendumdan getməsə belə, yenə də Ermənistan vətəndaşlarının razılığı olmadan bu, baş verə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31