Konstitusiyamız insan və vətəndaş hüquqlarını ali dəyər kimi tanıyır
11:30 Siyasətİstiqamət: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən bu günə kimi bütün sahələr üzrə böyük inkişaf və tərəqqi yolu keçib. Etiraf edilməlidir ki, bu inkişaf tendensiyası beynəlxalq miqyasda rəğbətlə qarşılanıb. Ötən müddət ərzində qüdrətli ölkəyə çevrilən, dünyada öz ədalətli mövqeyini müdafiə etməyi bacaran, daha dəqiq hüquqi dövlət quran Azərbaycan hər bir vətəndaşının hüquqlarının qorunmasının təminatçısına çevrilib. Demokratik dövlətlərin inkişaf təcrübəsi və müstəqil Azərbaycanın keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqları və azadlıqlarının təminatıdır. Məhz bu amili nəzərə alan Azərbaycan hüquqi dövlət, müstəqillik, dövlət suverenliyi və milli suverenliklə vəhdətdə həyata keçirməyi əsas prinsip kimi əldə rəhbər tutub. Dövlətin və ya təşkilatın hüquqi əsasını və idarə olunma qaydalarını müəyyən edən fundamental prinsiplər toplusu olan ilk milli Konstitusiyamızda vətəndaşların hüquq və azadlıqları ayrıca fəsildə əksini tapıb. Ali hüquqi qüvvəyə malik olan Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edən, "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli hüquqların geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə cari il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmişdir. Bu, ölkənin ilk müstəqil Konstitusiyası olmaqla, onun demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanundur. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin əsas qanunu olaraq hüquqi sistemin təməlini təşkil edir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları üçün əsas təminatlar mövcuddur. Konkret olaraq hüquqların bərabərliyi, irqi, etnik, dini, dil, cins və digər əsaslara görə ayrı-seçkiliyin qadağan olunması ali qanunda özünü ifadə edir. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.
Ölkə Konstitusiyasında hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Konstitusiyaya görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə əsassız güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Milli Konstitusiya hər kəsin azadlıq hüququnu tanıyır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş İnsan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 24 dekabr 2002- ci il tarixdə qəbul olunan "Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının tənzimlənməsi haqqında" Konstitusiya Qanununa əsasən Azərbaycan Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanununun heç bir müddəası dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə və ya Azərbaycan Respublikası Konstitusiyasında və adıçıkilən Konstitusiya Qanununda nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya hərəkətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.
Onu da qeyd edək ki, insan və dövlətin maraqları arasında sərt, keçilməz sərhəd yoxdur. Lakin bəzi istisna hallarda ayrı-ayrı məhdudiyyətlərin qoyulması ilə dövlət, cəmiyyət və şəxsiyyətin maraqları üst-üstə düşmür. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Belə ki, şəxsin İnsan hüquqlarını və azadlıqlarını pozan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarından, bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ vardır. Hər kəs onun hüquqlarını və azadlıqlarını pozan və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı və 8-ci bəndlərində nəzərdə tutulan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının normativ qərarlarından və bələdiyyələrin normativ aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarına dair şikayət verə bilər. Həmçinin Məhkəmələrin Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr İnsan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.