Putini gözləyən qorxulu ssenari: tarix bilindi – Region yenə qarışacaq
12 Noyabr 08:33 SiyasətKremlin mətbuat katibi Dmitri Peskovun Ukrayna münaqişəsi ilə bağlı çıxışı diqqət çəkib. O bildirib ki, müharibə Rusiyanın qarşısına qoyduğu məqsədlərə çatdıqda bitəcək.
Sitat: "Moskva münaqişənin mümkün qədər tez sona çatmasını istəyir. Hər zaman qeyd edildiyi kimi, bu məsələnin həllində diplomatik yola sadiq qalırıq".
Peskovun açıqlaması nə dərəcədə real görünür? Hazırda Rusiyanın məqsədlərinə çatması üçün kifayət qədər potensialı varmı?
Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, sözügedən müharibədə rəsmi bəyan edilən məqsəd Kiyevin demilitarizasiyası və denasifikasiyasıdır:
"Rusiyanın hədəfi hələ də Ukraynanın hərbsizləşdirilməsi və denasifikasiyası olaraq qalır. 1356 gün davam edən müharibə nəticəsində Moskva nəinki məqsədlərinə yaxınlaşmayıb, hətta arzulamadığı nəticələrlə üzləşib. Çünki hazırda Ukrayna dünyada ən çox hərbləşdirilmiş dövlətlərdən biridir. Kremlin hücumundan əvvəl demək olar ki, dron istehsalı olmayan bu ölkə indi dünyanın ən aparıcı beş dron-istehsalçısı sırasındadır və illik tutumu bir milyondan çox ola bilər. Həmçinin Ukrayna artıq Rusiyanın dərinliklərinə raket və dron zərbələri endirir, bu da Moskvanın bəyan etdiyi hədəflərinin reallaşmadığını göstərir. Denasifikasiyanın gerçəkləşməsi isə artıq mümkünsüzdür. Moskvanın törətdiyi hərbi və insanlıq əleyhinə cinayətlər, hətta soyqırımı iddiaları, Kiyevdə qarşı tərəfə düşmən münasibətin formalaşmasına səbəb olub. Belə əhval-ruhiyyənin 70-80 il davam edəcəyi ilə bağlı real əsaslar mövcuddur".
Politoloq qeyd edib ki, Rusiya bu əsrin sonuna qədər qarşısına qoyduğu məqsədlərə çata bilməyəcək:
"Peskovun bəyanatlarından görünür ki, Kreml müharibəni sonsuza qədər davam etdirmək niyyətindədir. Bu isə Rusiya rəhbərliyinin məntiqi qərarlar vermədiyini göstərir. Qonşu ölkə gələn ilin eyni vaxtına qədər mövcudluğunu qoruyub saxlayarsa, bunu möcüzə hesab etmək olar. Fikrimcə, Prezident Vladimir Putin reallıqları nəzərdən keçirməli və vəziyyətin gərginliyini dərk etməlidir. Əks halda, gecikmə təhlükəli nəticələrə yol aça bilər"