Zəfərin 5 ili: Bakının Hərbi paradı regiona verilən ən böyük mesaj oldu- ÖZƏL 

" Vətən müharibəsində qazanılan tarixi qələbənin 5-ci ildönümünə həsr olunmuş Zəfər paradı bir sıra mühüm hadisələrlə yadda qaldı. Cənab Prezident İlham Əliyev qələbə paradında çıxışı zamanı mühüm aspektlərə toxundu və bildirdi ki, biz bu torpaqların sahibiyik və torpaqlara qayıtmışıq. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, dirçəlir, bölgədə yeni yaşayış məntəqələri, məktəblər, sənaye müəssisələri və infrastruktur obyektləri tikilməkdədir". 
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Eyni zamanda paradın mühüm hadisələrindən biri də qardaş Pakistan hərbçilərinin paradda iştirak etməsi idi. Çünki qardaş Türkiyənin hərbçiləri Zəfər münasibətilə təşkil olunmuş paradda yer alırdılar. Ümumiyyətlə, Türkiyə-Azərbaycan-Pakistan birliyi mühüm geosiyasi gücü formalaşdırıb və Azərbaycanın dostları və müttəfiqləri dünyanın hərbi-siyasi meydanında mühüm rola malikdirlər.
Pakistan nüvə dövlətidir, nüvə klubuna daxil olan ən mühüm dövlətlərdən biridir. Türkiyə isə NATO-da ikinci böyük orduya malikdir. Bu cür müttəfiqləri olan Azərbaycan bölgədə hərbi-siyasi təhlükəsizliyin qurulmasında, sabitlik arxitekturasının bərqərar olunmasında mühüm rol oynayır. Postmüharibə reallıqlarında Azərbaycan nəinki regionun, hətta qlobal miqyasda dünyanın təhlükəsizliyinin keşikçisidir, təhlükəsizliyə töhfə verir, böyük coğrafiyada sülhün əldə olunması üçün moderator rolunu həyata keçirir. Bütün bunlar, əlbəttə ki, ölkəmizin gücünü artıran amillər hesab olunur.
Düşünürəm ki, Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr edilmiş Hərbi parad hələ uzun müddət yadda qalacaq, müzakirə olunacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31