Zəfər paradında verilən mesajlar: “Bundan sonra kimsə bizə ərazi iddiası edə bilməyəcək”- ÖZƏL
17:56 Siyasət"Noyabrın 8-də Bakının "Azadlıq" meydanında keçirilən Zəfər paradını həyəcanla və qürurla izlədik. Biz bu günləri nə qədər gözləmişdik. Adətən bir sıra dövlətlər silahlı qüvvələrinin arsenalında olan hərbi texnikanı, müasir silahları göstərmək üçün hərbi parad keçirir, bir növ rəqiblərinə əzələ nümayiş etdirirlər. Azərbaycanın buna ehtiyacı yoxdur. Biz dünya birliyinin gözü qarşısında haqq savaşında qələbə qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Amma bizim hərbi paradda da mesajlar verildi". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, Bakıda keçirilən hərbi parad dostlarda güvən, düşməndə həsəd, qorxu hissi yaradıb: "Biz işğalçı Ermənistan və havadarları üzərində qələbə çalmaqla, 35 illik münaqişəni tarixin arxivinə vermişik. 27 il gözlədik, dünya birliyindən ədalət umduq, amma anladıq ki, modern dünyanın "ədalət" anlayışı güclünün yanında yer almaqdır. Biz də gücləndik, modern silahlara və hərbi texnikaya sahib döyüşkən ordu qurduq. Qısa zamanda, cəmi 44 gündə işğalçını torpaqlarımızdan qovduq, bölgədə yeni geosiyasi reallıqlar yaratdıq. Bakıda keçirlən Zəfər paradı bir daha nümayiş etdirdi ki, Azərbaycan 35 il əvvəlki zəif, ordusuz dövlət deyil. Artıq düşmənlərin qarşısında minlərlə şəhidin qanı ilə ərazi bütövlüyünü, bütün ərazilərində dövlət suverenliyini bərpa etmiş, güclü orduya malik Azərbaycan dövləti var. Bundan sonra kimliyindən asılı olmayaraq müasir silahlarla təchiz olunmuş çevik orduya malik Azərbaycana qarşı kimsə ərazi iddiası ilə çıxış edə bilməyəcək. Azərbaycan dayanıqlı iqtisadiyyatı, güclü ordusu və ən əsası sadiq müttəfiqləri olan güclü bölgəsəl dövlətdir. Qapımızı dostca döyənə münasibətimiz dost kimi, düşməncə döyənə yanaşmamız düşmən kimi olacaq".
Elman Cəfərli deyib ki, Zəfər paradında Türkiyə və Pakistan rəhbərlərinin iştirakı bir sıra gerçəkləri ortaya çıxardı: "Əvvəla, bəlli oldu ki, Azərbaycanla Türkiyə arasında bədxahların uydurduğu "ixtilaf", fikir ayrılığı yoxdur. Qardaş dövlətlər Şuşa bəyannaməsinə sadiqdir, əvvəlkindən daha sıx qardaşlıq münasibətlərinə malikdir. Qardaş Pakistan dövləti də sadiq müttəfiqimizdir və birlikdə yeni hədəflərə nail olacağıq. Bu üç müttəfiq dövlət kiməsə qarşı birləşməyib. Əksinə hər zaman əzilənin yanında, zalımın önündə olub. Türkiyə və Pakistan 30 il Azərbaycanın əzilən hüquqlarını müdafiə etmiş, işğalçını lənətləmişlər. Azərbaycan da hər zaman Pakistanın yanında olub, beynəlxalq arenada, Türkiyənin maraqlarını qoruyub. Zəfər paradı bu üç dövlət arasında dostluq, qardaşlıq münasibətlərinin dayanıqlı olduğunu bir daha sübut etdi".
İBRAHİM MƏMMƏDLİ