Bakıda hərbi parad: Azərbaycan ordusunun gücü və regional mesaj- ÖZƏL
15:54 Siyasət" Bakıda keçirilən Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr edilmiş Hərbi parad olduqca böyük məna daşıyır. Paradda Azərbaycan ordusunun malik olduğu müasir silahlar, hərbi texnika nümayiş etdirildi. Bundan başqa, paradda dost və qardaş ölkələr olan Türkiyə və Pakistan liderləri qatıldılar və bu ölkələrin hərbçiləri də paradda iştirak etdilər" .
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu, olduqca böyük anlam daşıyır, belə ki, hər iki ölkə Azərbaycanla yaxın müttəfiqlik münasibətlərinə malikdir və hər zaman Azərbaycanın haqlı mövqeyini bir mənalı şəkildə dəstəkləyiblər. Parad Azərbaycan ordusunun gücünü əyani şəkildə bir daha nümayiş etdirdi. Bu parad Azərbaycanın dostlarını sevindirdi, onun düşmənlərini məyus etdi deyə bilərik və bu parad bölgədə hansısa xoş olmayan niyyətləri olan güclərə də bir mesaj idi. Xüsusilə də Ermənistandakı revanşist qüvvələr bundan nəticə çıxarmalıdırlar. Və bu üçlü strateji tərəfdaşlıq, ittifaq bölgənin gələcəyi üçün olduqca böyük önəm daşıyır və paradda verilən mesajlar da sülh mesajları idi. Qeyd olundu ki, bölgədə sülhün, əmin-amanlığın və əməkdaşlığın bərqərar olması üçün tərəflər bundan sonra da əməkdaşlığı davam etdirəcəklər. Hesab edirəm ki, bu üçlü ittifaq gələcəkdə Güney Qafqaz və Türküstan coğrafiyasını sabit və əməkdaşlıq coğrafiyasına çevirmək üçün olduqca böyük əhəmiyyətə malikdir. Asiyanı Avropaya bağlayacaq bu coğrafiyada sabitliyin əldə olunması və təmin olunması vacib bir faktordur və məhz bu paraddan çıxan nəticələrdən biri də budur. Yəni, gələcək bölgədə geopolitik dəyişikliklər məhz bu üç qüvvənin, üç dövlətin iradəsi və maraqları nəzərə alınmaqla həyata keçiriləcək".
Zeynəb Mustafazadə