Türkiyə-Azərbaycan-Pakistan tandemi: Yeni regional güc balansı – ÖZƏL
15:50 Siyasət"44 günlük Vətən müharibəsindən sonra keçirilən Zəfər bayramında Prezident İlham Əliyevin yanında Azərbaycan dövlətinin ən yaxın iki tərəfdaşı - Türkiyə və Pakistan yer almışdı. Bu iki ölkə 44 günlük savaş zamanı Azərbaycana həm mənəvi, həm siyasi, həm də müəyyən mənada hərbi dəstək göstərmişdilər. Artıq Azərbaycan yaxşı bilir ki, kim onun dostudur, kim isə düşməni".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan tandemi Yaxın Şərq, Asiya, Qafqaz və qismən Avropa regionunda formalaşan yeni güc balansını ifadə edir. Bu üç ölkənin birliyi böyük bir qardaşlıq və strateji tərəfdaşlıq nümunəsidir. Bu həm region dövlətlərinə, həm də üçüncü qüvvələrə bir mesajdır ki, bu üç ölkədən birinə qarşı yönələn təzyiq və ya təhlükə olarsa, digərləri mütləq şəkildə onun yanında olacaq. Bu əməkdaşlıq Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsində, eləcə də Pakistanla bağlanmış dostluq və tərəfdaşlıq sazişlərində öz təsdiqini tapır.
"Regionda baş verən hadisələr fonunda bu üç dövlətin birliyinin nümayişi həm Rusiya ilə, həm İranla, həm də Qərb ölkələri ilə münasibətlər baxımından mühüm siyasi ismarıc daşıyır. Gələcəkdə bu üçlüyün - Türkiyə, Azərbaycan və Pakistanın - hərbi, siyasi və iqtisadi sahələrdə əməkdaşlığının daha da genişlənməsi onların birgə gücünü artıracaq," - deyə ekspert əlavə edib.
R. Məmmədova qeyd edib ki, Azərbaycan bugün regionun ən güclü dövlətlərindən biridir. Bununla belə, müxtəlif istiqamətlərdən ölkəmizə təzyiqlər göstərilməyə çalışılır. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə sübut etdi ki, öz torpaqlarını yalnız öz gücü, ordusu və şəhidlərinin qanı bahasına azad edib. Təbii ki, Azərbaycanın güclənməsi bəzi qüvvələri narahat edir. Qərb ölkələri, Rusiya, İran və digər region dövlətlərinin bəziləri Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək istəyirlər. Ancaq bu Zəfər bayramında nümayiş olunan birlik bir daha göstərdi ki, Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığı sarsılmazdır və bu üç ölkə bir-birinə hərbi və siyasi dəstək verməkdə davam edəcək.
Ekspert bir daha vurğulayıb ki, bu gün Azərbaycan tam müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür. Heç bir ölkədən asılı deyil və öz qərarlarını özü verir. Necə ki, Türkiyə artıq uzun illərdir müstəqil siyasət aparan güclü dövlətə çevrilib, Azərbaycan da bu yolla gedir və hər hansı üçüncü qüvvənin təsiri altında olmayan bir dövlət kimi öz mövqeyini qoruyur. Azərbaycanın həm daxili, həm də xarici siyasət kursu aydındır. Ölkə iqtisadiyyatını davamlı şəkildə inkişaf etdirir, regionda böyük bir logistika və enerji mərkəzinə çevrilir. Asiyadan Avropaya, Avropadan Asiyaya uzanan mühüm nəqliyyat və ticarət marşrutlarının kəsişdiyi məkanda yerləşən Azərbaycan üçün bu, böyük nailiyyətdir.
"Bu inkişaf həm iqtisadi, həm siyasi, həm də hərbi gücün artımına gətirib çıxarır. Azərbaycan bu nailiyyətləri ilə artıq tam müstəqil, güclü və regionda söz sahibi olan dövlət olduğunu bir daha sübut edib," - deyə siyasi şərhçi sonda qeyd edib.
Sevda Dəniz