Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür
00:18 Siyasət2020-ci ilin 8 Noyabr tarixi Qafqazın taleyinin yenidən yazıldığı, ədalətin torpağa kök saldığı, Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür. Azərbaycanın Qarabağ Zəfəri təkcə torpaqları geri qazanmaq deyil, bir millətin şərəfini, ləyaqətini, tarixi həqiqətini geri almasının adıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin "Optimar" Araşdırma Mərkəzinin rəhbəri, siyasi ekspert Hilmi Daşdemir səsləndirib.
O bildirib ki, Qarabağın 30 il ərzində işğal altında qaldığı müddət ərzində Azərbaycan xalqı səbir etdi, lakin heç vaxt unutmadı.
O səbrin, gözləntinin adı 8 noyabrda Zəfərə çevrildi. Ordusu, xalqı, lideri və Türkiyənin qardaş dəstəyi ilə Azərbaycan dünyaya bu mesajı verdi: "Torpaq müqəddəsdir, işğal əbədi ola bilməz".
"Prezident İlham Əliyev Qarabağ müharibəsini təkcə hərbi əməliyyat kimi deyil, dövlət ağlı və strateji baxışla idarə etdi. Bu Zəfərdə Prezident Rəcəb Tayyib Ərdoğanın "Bir millət, iki dövlət" anlayışı ilə göstərdiyi qətiyyət, Türkiyənin mənəvi dəstəyi Türk dünyasının yeni güc balansına keçidini simvolizə etdi. Bu həmrəylik təkcə Qarabağın azadlığı deyil, eyni zamanda Türk birliyinin yenidən oyanışıdır", - deyə o bildirib.
Hilmi Daşdemir qeyd edib ki, hər bir xalqın tarixində bir rəmzi şəhər var. "Bizim üçün Çanaqqala nədirsə, Azərbaycan üçün Şuşa odur. Şuşanın azad olunması təkcə strateji deyil, həm də kimlik Zəfəridir. Əgər o şəhərdə yenidən azan səslənibsə, demək ki, bu qələbənin mahiyyətində təkcə güc deyil, həm də iman, səbir və ədalət var. Bu gün Türk Dövlətləri Təşkilatının hər toplantısında Qarabağın azadlığı bir ilham mənbəyidir. Çünki bu Zəfər Türk dünyasının birgə iradəsi ilə nələrin mümkün olduğunu göstərdi. Artıq məsələ təkcə coğrafiya deyil, mədəni, iqtisadi və texnoloji sahələrdə ortaq gələcəyin qurulmasıdır".
Qarabağ Zəfərində qardaşlığın, inamın, tarixin varlığını vurğulayan Hilmi Daşdemir bildirib ki, 8 Noyabr təkcə Qarabağın deyil, ədalətin, şərəfin və Türk millətinin yenidən dirçəlişinin günü kimi tarixə keçib. "Bir millət, iki dövlət" anlayışı isə artıq bir şüar deyil, bir tarixin yenidən yazılış şəklidir.