Sarayevoda Azərbaycanın Zəfər Günü qeyd edilib
00:16 SiyasətAzərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə Sarayevo şəhərində yerləşən Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyimizin əməkdaşları və Sarayevodakı ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları Dostluq parkında ucaldılmış abidənin önünə əklil qoyub və gül dəstələri düzüb, Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışında Zəfər Gününün Azərbaycanın müasir tarixindəki yerindən bəhs edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımıza qarşı 30 ilə yaxın davam edən, dünya birliyinin də göz yumduğu tarixi ədalətsizliyə son qoyduğunu və bu Zəfərin xalqımızın tarixi yaddaşına qürurla həkk olunduğunu vurğulayıb.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Sarayevo şəhərinin mərkəzində vacib kəsişmə nöqtələrindən biri olan və Bosniya və Herseqovina Parlament Assambleyası ilə üzbəüz yerləşən "Sarajevo City Center" ticarət mərkəzinin fasadındakı rəqəmsal media lövhəsində bu əlamətdar günlər barədə məlumatların əks olunduğu fotoşəkillər yerləşdirilib.