Üçrəngli bayrağmız xalqımızın iradəsinin, qürurunun simvoludur

Azərbaycan xalqı tarix boyu azadlıq, müstəqillik və milli kimliyini qorumaq uğrunda mübarizə aparmış, bu yolda çoxsaylı sınaqlardan keçmişdir. Dövlət atributları - bayraq, gerb və himn hər bir xalqın suverenliyinin, milli birliyinin və dövlətçiliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət Bayrağı isə bu mənada xalqımızın azadlıq iradəsini, milli qürurunu və dövlət müstəqilliyini simvolizə edir.

9 noyabr günü Azərbaycan tarixində xüsusi yer tutur. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli - mavi, qırmızı və yaşıl zolaqlardan ibarət Dövlət Bayrağı təsdiq edilmişdir. Bu bayraq Türkçülük, Müasirlik və İslam birliyini ifadə edən dərin mənalı bir simvoldur. Mavi rəng türklüyümüzü, qırmızı rəng inkişafı, demokratiyanı və müasir dünyaya inteqrasiyanı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi bildirir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağın istifadəsi uzun illər qadağan olunsa da, xalqımız bu rəmzi heç vaxt unutmamışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq yenidən qaldırılmış, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra isə 5 fevral 1991-ci ildə bu bayraq Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiqlənmişdir.

Ümummilli lider Heydər Əliyev Dövlət Bayrağını Azərbaycan dövlətçiliyinin əsas atributlarından biri kimi hər zaman uca tutmuş, onun xalq arasında müqəddəs rəmzə çevrilməsi üçün böyük işlər görmüşdür. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edilmiş və bu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.

Bu gün Azərbaycanın hər bir guşəsində, azad edilmiş torpaqlarımızda, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayraq xalqımızın qürur mənbəyinə çevrilib. Xüsusilə 2020-ci ilin Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimizdə qaldırılan Azərbaycan bayrağı qəhrəman ordumuzun şücaətini və xalqımızın əzmini simvolizə edir.

Dövlət Bayrağı bu gün həm də milli birliyin, müstəqil dövlətçiliyin və Azərbaycan xalqının gələcəyə inamının rəmzidir. Hər bir azərbaycanlı üçün bu bayraq müqəddəsdir və onu qorumaq, ucalığını daim saxlamaq hər bir vətəndaşın borcudur.

9 Noyabr - Dövlət Bayrağı Günü təkcə bir tarixi hadisəni xatırlatmır, həm də bu torpağın azad və müstəqil olmasının, Azərbaycan xalqının əzəli və əbədi birlik iradəsinin təntənəsidir.

Qoy üçrəngli bayrağımız hər zaman səmalarımızda dalğalansın, Azərbaycan xalqının şanlı keçmişini, qüdrətli bu gününü və parlaq gələcəyini əks etdirsin!

Əminə Ağazadə

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31