Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi təbrik etdi
17:26 SiyasətAzərbaycanın mədəni ictimaiyyəti 8 noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Prezident təbrik edilib.
"Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk. Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir. Vətən müharibəsi Azərbaycan üçün sadəcə hərbi, siyasi, diplomatik qarşıdurma deyil, mənəvi arxetiplərin toqquşması ədalət və haqsızlığın, mərhəmət və zorakılığın, həqiqət və yalanın qarşılaşdığı sınaq meydanı idi", - məktubda bildirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlara "Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işləri Azərbaycan xalqının qurub-yaratmaq əzmini nümayiş etdirir:
"Qısa zaman ərzində inşa edilən hava limanları, yollar, yaşayış məntəqələri və sosial layihələr müstəqil Azərbaycanın öz gücünə arxalanan inkişaf modelinin göstəricisidir. Bu, həm də müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş niyyətinin əksidir".
Məktubda vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpa edilməsi, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlərin bərpasının bir daha sübut edir ki, Azərbaycanın qələbəsi həm də yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir:
"Bütün bunlar mühüm mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də milli kimliyin ifadəsi, dövlətçilik ideyalarının mədəni kodda təcəssümü, o cümlədən dövlətin milli-mənəvi, mədəni dəyərlərə verdiyi böyük önəmin təzahürüdür. Azərbaycan xalqının milli mədəni irsinin yaşadılması, dünya miqyasında tanıdılması və beynəlxalq mədəni münasibətlər sistemində yüksək səviyyədə təmsil olunması istiqamətində həyata keçirilən işlərə verdiyiniz dəstəyə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Bu əlamətdar və tarixi gündə Sizi ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin möhkəmlənməsi və intibahı naminə ali və şərəfli fəalliyyətinizdə uğurlar diləyirik".