Rusiya Cənubi Qafqazı itirməkdən qorxur: Kreml niyə təcili "3+3" formatını istəyir? – ÖZƏL
15:31 SiyasətBakı ilə İrəvan arasında sülh prosesində irəliləyiş müşahidə olunduğu bir vaxtda Rusiya regionda itirdiyi mövqeləri bərpa etməyə çalışır. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Cənubi Qafqazda vəziyyətin daim diqqət tələb etdiyini bildirib və "3+3" formatında fəaliyyətin bərpa olunmasının vacibliyini vurğulayıb.
"Altılıq" formatı - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyəni bir araya gətirir. Moskva və Tehran bu formatı Qərb təsirinə qarşı alternativ regional mexanizm kimi təqdim edir.
Maraqlıdır, Rusiya üçün "3+3" formatının yenidən aktuallaşmasının əsas məqsədi nədir? Bu təşəbbüs ABŞ-nin regiondakı diplomatik fəallığına cavab kimi dəyərləndirilə bilərmi?
"Hazırda Kremldə olduqca ciddi narahatlıq mövcuddur. Bu narahatlığın əsas səbəbi Rusiyanın Cənubi Qafqazda təsir mexanizmlərini davamlı olaraq itirməsi ilə bağlıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, proseslər elə bir istiqamət alıb ki, yaxın gələcəkdə Rusiya üçün Cənubi Qafqaz əlçatmaz bir regiona çevrilə bilər. Xüsusilə də avqustun 8-də Prezident Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmadan sonra Rusiya anlayıb ki, Cənubi Qafqaz artıq onun təsir dairəsindən çıxmaqdadır. Bu səbəbdən Kreml indi regionda yenidən "oyunçu"ya çevrilə biləcək mexanizmlər axtarışındadır. Məhz bu mexanizmlərdən biri kimi Rusiya "3+3" formatını ön plana çıxarmağa çalışır.
"Təbii ki, "3+3" formatı Cənubi Qafqaz üçün müəyyən istiqamətlər üzrə əhəmiyyətli platformadır. Lakin bu formatı regionun idarə olunmasında və gələcək taleyinin müəyyən edilməsində yeganə mexanizm kimi qəbul etmək mümkün deyil. Xüsusilə də "3+3" formatının Rusiyanın Cənubi Qafqazdakı maraqlarını təmin edən alətə çevrilməsi yolverilməzdir," - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya hələ də regionda mövqelərini qorumağa ümid edir və bu səbəbdən "3+3" kimi formatları öz geosiyasi maraqlarının girovuna çevirməyə çalışır. Lakin hazırkı vəziyyət Rusiyanın xeyrinə deyil. Moskva böyük sürətlə Qafqazın coğrafi və siyasi sərhədlərindən kənara itələnir və bu prosesin davamlı olacağına şübhə yoxdur.
Ekspert bildirin ki, Kremldə artıq anlayırlar ki, ABŞ-nin nəzarətində olacaq Zəngəzur dəhlizinin açılmasından sonra Rusiya Cənubi Qafqaza sadəcə uzaqdan baxmaqla kifayətlənmək məcburiyyətində qalacaq. Bu səbəbdən Moskva ABŞ-nin regionda möhkəmlənməyə başladığı bir mərhələdə fəallaşaraq alternativ, əks addımlar atmağa çalışır. Bu cəhdlərdə əsas istinad nöqtəsi isə "3+3" formatıdır. "3+3" formatı real işlək mexanizmə çevrilsə belə, onun Rusiyanın maraqlarının girovuna çevriləcəyi inandırıcı görünmür. Ən azından Azərbaycan bu variantla razılaşmaz. Çünki Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasət yürüdən bir dövlətdir və Rusiyanın regionda öz maraqlarını diktə etməsinə imkan verməz.
"Eyni zamanda yaxın gələcəkdə Gürcüstan və Ermənistanın da Rusiya təsirindən uzaqlaşmaq üçün daha prinsipial addımlar atması istisna deyil. Bu baxımdan demək olar ki, Rusiya artıq mövcud situasiya ilə barışmalı və Cənubi Qafqazda hegemonluq etmək niyyətindən birdəfəlik əl çəkməlidir," - deyə Elçin Xalidbəyli sonda vurğulayıb.
Sevda Dəniz