“Dəmir yumruq” əməliyyatı xalqın sarsılmaz birliyini nümayiş etdirdi- ÖZƏL
15:17 Siyasət"Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğalçı siyasət regionda sabitlik və sülh üçün ciddi təhlükə mənbəyi olmuşdur. XX əsrin sonlarında baş qaldıran bu təcavüzkar siyasət nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal altına düşmüş, bir milyondan çox insan öz doğma yurdlarından didərgin salınmış, kəndlər və şəhərlər dağıdılmış, tarixi və mədəni irsimiz məhv edilmişdir. Qonşu dövlət tərəfindən törədilən bu vandalizm aktları həm də beynəlxalq hüquqa və ədalət prinsiplərinə qarşı yönəlmişdi. Lakin Azərbaycan dövləti sülh, ədalət və beynəlxalq hüquqa sadiqliyini daim qorumuş, uzun illər ərzində problemin diplomatik yollarla həllinə çalışmışdır".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Bu prosesdə əsas məqsəd ərazi bütövlüyünün bərpası, müstəqilliyin qorunması və milli təhlükəsizliyin təmin edilməsi idi. Dövlətimizin siyasi rəhbərliyi həmin istiqamətdə ardıcıl və məqsədyönlü addımlar ataraq hərbi, iqtisadi və diplomatik gücü paralel şəkildə inkişaf etdirdi. Güclü iqtisadiyyat formalaşdırıldı, müdafiə sənayesi yenidən quruldu, beynəlxalq əlaqələr genişləndirildi. Sözügedən mərhələdə hərbi sənaye kompleksinin modernləşdirilməsi, yerli istehsalın artırılması, yüksək texnologiyaların tətbiqi və kadr potensialının gücləndirilməsi ordu quruculuğunun əsas dayaqlarına çevrildi.
Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar hərbi-siyasi müstəvidə mövqelərin möhkəmlənməsinə şərait yaratdı. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, xarici investisiya mühitinin sabitliyi regional liderlik üçün zəmin formalaşdırdı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars kimi strateji layihələr dövlətimizin geosiyasi əhəmiyyətini artırdı. Cənub Qaz Dəhlizi kimi qlobal enerji layihələri isə ölkəmizi etibarlı tərəfdaşa çevirdi. Bu uğurlar diplomatiyanın və iqtisadi gücün sintezini təmin edərək, gələcək Qələbənin siyasi bazasını yaratdı.
2020-ci ilin 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilən növbəti təxribatlara cavab olaraq başlanan "Dəmir yumruq" əməliyyatı müstəqil dövlətimizin gücünü, ordumuzun yüksək hazırlıq səviyyəsini və xalqın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Cəbhə boyu aparılan əməliyyatlar Azərbaycan Ordusunun yüksək koordinasiya və strateji planlaşdırma bacarığını göstərdi. Müasir silah sistemlərinin, pilotsuz uçuş aparatlarının və dəqiq zərbə texnologiyalarının tətbiqi düşmən ordusunu iflic vəziyyətinə saldı. Hərbi əməliyyatların uğuru ilə yanaşı, informasiya müharibəsində də Azərbaycan diplomatik və ideoloji üstünlüyünü qoruyaraq beynəlxalq ictimaiyyətin dəstəyini qazandı".