8 Noyabr həm də dövlətçilik iradəsinin göstəricisi idi- ÖZƏL
14:37 Siyasət"8 Noyabr Azərbaycan üçün təkcə hərbi qələbə günü deyil, həm də dövlətçilik iradəsinin, milli həmrəyliyin və uzaqgörən strategiyanın bəhrəsi olan tarixi dönüş nöqtəsidir. Bu tarix həm xalqımızın ən ağrılı illərinin xatirəsini, həm də dövlətimizin ən parlaq zəfərini özündə birləşdirir. 1988-ci ildən başlayan hadisələr Ermənistanın "dənizdən dənizə Ermənistan" ideologiyasının həyata keçirilməsi cəhdləri ilə müşayiət olundu. Bu siyasət minlərlə insanın həyatına son qoydu, yüz minlərlə azərbaycanlının yurd-yuvasından didərgin düşməsinə səbəb oldu. İşğal nəticəsində şəhərlər və kəndlər dağıdıldı, mədəni irsimiz məhv edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Beynəlxalq hüququn tələbləri və BMT qətnamələri yerinə yetirilmədi, ATƏT-in Minsk qrupu isə uzun illər səmərəsiz fəaliyyət göstərdi. Nəticədə münaqişə formal olaraq "dondurulmuş" vəziyyətə gətirildi. Lakin Azərbaycan heç vaxt bu reallıqla barışmadı.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət bu vəziyyəti dəyişdirdi. Ordu quruculuğu dövlətin prioritet istiqamətinə çevrildi, hərbi islahatlar ardıcıl şəkildə həyata keçirildi, müdafiə xərcləri artırıldı, ordunun müasir texnika ilə təchizatı təmin edildi. Azərbaycanın hərbi-sənaye kompleksi formalaşdırıldı, yerli istehsalın artması nəticəsində strateji müstəqillik və döyüş şəraitində çeviklik əldə olundu. Paralel olaraq çoxşaxəli xarici siyasət yürüdüldü. Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyaraq transmilli enerji və nəqliyyat layihələri ilə regional inteqrasiyanı gücləndirdi. Bu siyasət ölkənin siyasi və iqtisadi cəhətdən təcrid vəziyyətindən çıxmasına və beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə şərait yaratdı. Bütün bu amillər birlikdə 2020-ci ildə Zəfərə gedən yolun əsasını qoydu".