Naxçıvanda başlanan milli oyanış bütün ölkəni əhatə etdi- ÖZƏL
13:57 Siyasət"Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 9 noyabr 1918-ci il tarixli qərarı ilə qəbul edilən üçrəngli dövlət bayrağı xalqımızın milli kimliyinin, azadlıq iradəsinin və dövlətçilik düşüncəsinin rəmzi kimi tarixə düşdü". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bu qərar Cümhuriyyət qurucularının siyasi uzaqgörənliyinin və milli dövlətçilik təfəkkürünün parlaq təzahürü idi. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bu bayraq türkçülük, müasirlik və islam birliyini təcəssüm etdirərək milli ideologiyanın əsas dayağına çevrildi. Şərqin ilk demokratik respublikası qısa müddətli fəaliyyəti ilə Azərbaycan xalqının müstəqil dövlət yaratmaq iradəsini sübut etdi və onun ən böyük siyasi-mənəvi miraslarından biri məhz bu bayraq oldu.
1920-ci ildə Rusiyada bolşevik inqilabının nəticəsi kimi Azərbaycan Xalq Cümhuriyyəti işğala məruz qalaraq süquta uğradı və üçrəngli bayraq Sovet hakimiyyəti illərində qadağan edildi. Lakin o, xalqın yaddaşından silinmədi, milli düşüncənin, azadlıq arzusunun dərinliklərində yaşadı. 1980-ci illərin sonlarında Sovet İttifaqının dağılma prosesi fonunda digər müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda da baş qaldıran milli azadlıq hərəkatı məhz bu bayrağın kölgəsində formalaşdı. Meydanlarda dalğalanan üçrəngli bayraq xalqın azadlıq çağırışının, müstəqillik istəyinin rəmzinə çevrildi.
1990-cı illərin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə yenidən güclənərkən o dövrdə Naxçıvana rəhbərlik edən ulu öndər Heydər Əliyev xalqın iradəsini ifadə edərək tarixi bir addım atdı: Onun təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi təsdiqləndi və Ali Məclis binası üzərində ucaldıldı. Müstəsna tarixi və siyasi əhəmiyyətə malik bu hadisə bütün Azərbaycanda dövlət müstəqilliyinin bərpasına ideoloji təkan verdi, yalnız Naxçıvan üçün deyil, bütövlükdə Azərbaycan üçün milli dirçəlişin, müstəqillik ideyasının rəmzinə çevrildi. Xalqımızın ümummili lideri həmin iclasdakı tarixi çıxışında bu bayrağın daha yüksəklərə qalxacağı ilə bağlı inamını ifadə etmişdi: "Azərbaycan xalqının milli dövlətçilik rəmzi olan bu bayraq müstəqilliyimizin, azadlığımızın rəmzidir və bir gün bütün Azərbaycanda dalğalanacaq."
Çox keçmədən tarix Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyini təsdiqlədi: 1991-ci ilin fevralında Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul etdi. Beləcə, Naxçıvanda başlanan milli oyanış bütün ölkəni əhatə etdi".