Dövlət başçısının Azərbaycan dili ilə bağlı fikirləri çox dəyərlidir- ÖZƏL
10:53 Siyasət"Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışındakı "Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir" ifadəsi tarixə təkcə siyasi deyil, elmi yanaşma tələbini əks etdirir. Tarixi tədqiqatın faktlara, mənbələrə əsaslanması burada dövlət səviyyəsində vurğulanır. Bu yanaşma Azərbaycan tarixşünaslığının modern elmi metodologiyalarla yenilənməsi üçün istiqamət göstərir. Azərbaycanın elm ictimaiyyəti cənab Prezidentin bu istiqamətdə tövsiyələrini gələcək fəaliyyətində prioritet kimi qəbul etməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Dövlət başçısının çıxışında Azərbaycan dili ilə bağlı fikirləri də çox dəyərli və olduqca önəmlidir Prezidentimizin "Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti" sözləri dilin dövlətçiliklə eyniləşdirilməsini göstərir. Bu, sırf dilçilik məsələsi deyil, milli identiklik, informasiya müstəqilliyi və mədəni təhlükəsizlik məsələsidir. Qloballaşma dövründə dillərin assimilyasiyası, mediada yad sözlərin çoxalması fonunda Prezidentin "xarici kəlmələrə ehtiyac yoxdur" fikri dilin suverenlik elementi kimi təqdim olunur. Eyni zamanda, Azərbaycan dilinin qorunması yalnız dövlətin yox, hər bir vətəndaşın məsuliyyəti kimi qiymətləndirilir.
Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi sadəcə elmi bir hadisə deyil, bu, müasir Azərbaycan ideyasının konseptual təzələnməsi mərhələsidir. Prezident İlham Əliyevin nitqi göstərdi ki, XXI əsrin Azərbaycanı özünü elmə söykənən milli dövlət, tarixi yaddaşla bərpa olunan suveren güc və dilini qoruyan mədəni millət kimi qurur. Bu model təkcə daxili siyasətin deyil, həm də beynəlxalq imicin təməl prinsipidir: ağıllı, tarixini bilən, dilinə sahib bir dövlət - dayanıqlı və qüdrətli dövlətdir. Bu dövlətin sahibi olan xalq isə yenilməz xalqdır!"