Mirzoyanın mesajı: Azərbaycan-Ermənistan-Gürcüstan əməkdaşlığı realdırmı? - ÖZƏL

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Orbeli Forumu"nda çıxış edərək Ermənistan, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. O, üç ölkənin XİN müavinləri səviyyəsində görüşün artıq baş tutduğunu, həmçinin üç ölkənin ideya və maraqlarının üst-üstə düşə biləcəyi məsələlər mövcud olduğunu qeyd edib.  
Mirzoyanın qeyd etdiyi "ideya və maraqların üst-üstə düşə biləcəyi məsələlər" dedikdə konkret olaraq hansı sahələr nəzərdə tutulur və bu, realdırmı? Rəsmilər bu tip üçtərəfli əməkdaşlıq formatına nə dərəcədə hazırdırlar?

Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Əgər Ermənistan  Azərbaycanın tələblərinə uyğun siyasətini davam etdirərsə, Cənubi  Qafqazda destruktiv rol oynamaq deyil, inkişafa, sülhə, sabitliyə xidmət edən addımlar artarsa, bu məsələnin reallaşması mümkündür. Düşünürəm ki, hər üç ölkənin bu məsələdə marağı burada kəsişir ki, Cənubi Qafqaz sülh və sabitlik məkanına çevrilməlidir. Cənubi Qafqazda münaqişələrin sona çatmasına, tərəflərin əməkdaşlıq imkanlarını genişləndirməsinə,  həmçinin Cənubi Qafqazın dünyanın aparıcı nəqliyyat-tranzit qovşaqlarına birləşməsinə,  həmin nəqliyyat-tranzit qovşaqlarının Cənubi Qafqazdan keçən hissələrində yüksək xidmət təşkil edərək dünyanın önəmli ticarət və nəqliyyat mərkəzinə çevrilməsinə çalışmaq lazımdır. Bu cür əməkdaşlıq imkanları və üç ölkənin qarşılıqlı iqtisadi, ticarət və nəqliyyat əməkdaşlığını həyata keçirməsi nəticəsində müsbət nəticələr əldə etmək mümkündür. Bu mənada ideyalar və maraqlar üst-üstə düşə bilər.  Məhz bunu nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 3+3 formatını təklif etmişdi. Bu, həm Cənubi Qafqaz ölkələrinin bir araya gəlməsi, həm də Cənubi Qafqaza qonşu ölkələrin regionun sabitlik məkanına çevrilməsində aktiv iştirakını təmin etmək məqsədi daşıyırdı.
İndi  üçlü formatın formalaşdırılması və inkişaf etdirilməsi mümkün ola bilər ki, Cənubi Qafqazın sülh sabitlik məkanına, iqtisadi, ticarət və nəqliyyat mərkəzinə çevrilməsi baxımından mühüm rol oynasın". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31