Şuşa – Qələbənin Zirvəsi
15:22 Siyasət8 noyabr 2020-ci il... Bu tarix Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Bu gün təkcə qələbə günü deyil, həm də ədalətin, milli ruhun və dövlət iradəsinin təntənəsi idi. O gün hər bir azərbaycanlı həm sevinirdi, həm də qürur duyurdu - çünki Şuşa azad edilmişdi!
Şuşa... Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, muğamın səsi, Vaqifin poeziyasının nəfəsi, Xurşidbanu Natəvanın göz yaşı, Üzeyir Hacıbəylinin musiqisinin doğulduğu məkan... Bu şəhərin azadlığı yalnız bir ərazinin deyil, bir xalqın mənəvi azadlığının bərpası idi.
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqın birliyini, ordunun gücünü və Ali Baş Komandan İlham Əliyevin siyasətinin qətiyyəti, sərkədəliyi bir nöqtədə birləşdirdi. 44 gün ərzində Azərbaycan Ordusu yüzlərlə kəndi, şəhəri azad etdi. Lakin hamı bilirdi: qələbənin açarı Şuşadadır. Çünki Şuşa azad edilmədən Qarabağ tam azad sayılmayacaqdı.
Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsinin ən parlaq səhifəsidir. Çətin relyef, ağır hava, düşmənin möhkəmləndirilmiş mövqeləri... Amma Azərbaycan əsgəri sanki dağa çevrildi, qayadan doğuldu. Silahsız, yalnız ruhla, iradə ilə, "Qarabağ Azərbaycandır!" nidası ilə Şuşaya doğru irəlilədi. Daşdan-daşa, qayadan-qayaya... Və 8 noyabr səhəri Şuşa azad edildi.
Tarixin o anı əbədiləşdi - Ali Baş Komandan xalqa müraciət etdi və bu sözləri dedi: "Əziz həmvətənlər, bu gün Azərbaycan xalqına müjdə vermək istəyirəm. Şuşa şəhəri azad edildi! Şuşa bizdədir! Qarabağ Azərbaycandır!"
Bu cümlələr təkcə hərbi qələbə xəbəri deyildi - tarix idi, qürur idi, bir millətin 30 illik həsrətinə nöqtə idi. O an hər bir evdə, hər bir azərbaycanlının ürəyində tək bir hiss vardı: "Bəli, biz qalib gəldik!"
Şuşanın azad olunması təkcə hərbi əməliyyat deyil, həm də Ali Baş Komandanın dəmir iradəsinin, diplomatik çevikliyinin və xalqla birliyinin rəmzidir. İlham Əliyevin müharibə dövründə dediyi hər bir söz, verdiyi hər bir mesaj cəbhədəki əsgərə qüvvə, arxada qalan xalqa inam verdi: "Mən demişdim ki, biz Şuşasız barışmayacağıq. Şuşa bizim qəlbimizdədir, o, bizim ruhumuzdadır." Və bu sözlər qısa müddətdə gerçəyə çevrildi.
Şuşa azad olunduqdan sonra Qarabağda yeni bir səhifə açıldı. Bu, təkcə torpaqların deyil, ədalətin, kimliyin və ruhun dirçəlişi idi.
Prezident İlham Əliyev Şuşada Azərbaycan Bayrağını qaldırarkən dedi: "Mən bu bayrağı qaldırıram ki, bir daha heç vaxt enməsin!" Bu sözlər Şuşa ilə birgə Azərbaycan tarixində əbədi yazıldı.
Bu gün Şuşa dirçəlir, yenidən doğulur. Küçələr bərpa olunur, məscidlər, muzeylər, teatrlar yenidən xalqla nəfəs alır. Şuşa artıq dünyaya Azərbaycanın mədəniyyət paytaxtı kimi təqdim olunur. Orada keçirilən "Xarıbülbül" festivalı, "Vaqif Poeziya Günləri" sanki azadlığın musiqisi, azad ruhun yenidən səsidir.
Ali Baş Komandanın dediyi kimi: "Biz bu Zəfəri döyüş meydanında, qəhrəman oğullarımızın qanı və canı bahasına qazandıq. Bu qələbə bizim milli birliyimizin, xalq-ordu-dövlət birliyinin nəticəsidir."
Bəli, Şuşa azad olanda yalnız bir şəhər deyil, Azərbaycanın ruhu azad oldu.
O ruh bu gün də hər bir azərbaycanlının sinəsində, hər bir bayrağın dalğasında, hər bir uşağın dilində yaşayır.
Və bu ruhun bi adı var - Zəfər!
Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru