Tranzit qərarı: Sülhə gedən yolda iqtisadi etimad mühiti yaradılır – ÖZƏL

Prezident İlham Əliyevin bəyanatına əsasən, Azərbaycan Rusiya və Qazaxıstanın taxıl yüklərinin öz ərazisindən (Böyük Kəsik marşrutu ilə) Ermənistana tranzitini bərpa edib. 
Qeyd edək ki, bu, regionda kommunikasiyaların açılması istiqamətində atılan praktiki addımdır.

Azərbaycan sülh yaratmaq missiyasını həyata keçirir, sülhün əldə olunması üçün əlindən gələni edir. Məqsədimiz odur ki, sülh qalıcı və davamlı olsun. Bunun üçün də, Azərbaycan Ermənistanla arasında yük tranziti ilə bağlı olan məhdudiyyətləri aradan qaldırır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, əgər Ermənistan rəhbərliyi bu vəziyyətdən düzgün istifadə edərsə, regiona daha tez sülh gələ bilər. Sülhün əldə olunması üçün ilk növbədə etimad mühiti yaradılmalıdır. Əgər bu etimad mühitinin formalaşması istiqamətində onlar da təşəbbüs göstərəcəklərsə və əldə olunan sülh razılaşmasının şərtlərinə sadiq qalacaqlarsa, bu, onların səmimi niyyətinin göstəricisi olacaq. Yəni, sözlərinin əslində həqiqət olduğunu bu addımları ilə sübut etmiş olacaqlar.

"İki tərəf arasında yük tranziti ilə bağlı məhdudiyyətin aradan qaldırılması barədə qərar verilib. Bu, kifayət qədər müsbət bir hadisədir. Ermənistan, Azərbaycan torpaqlarının işğal siyasətini həyata keçirdikdən sonra regionda faktiki olaraq iqtisadi təcrid vəziyyətinə düşmüşdü. Bu, onun öz səhv siyasətinin nəticəsi idi. İndi isə həmin iqtisadi təcriddən çıxmaq üçün real bir şansı var," - deyə Z. Əmrəliyev əlavə edib.

Ekspertin sözlərinə görə, Ermənistan rəsmiləri bu imkandan düzgün şəkildə istifadə etməli, bütün vasitələrdən yararlanaraq Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməlidirlər. Analoji addımların Ermənistan tərəfindən də atılacağı gözlənilir və yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə bir neçə addımın şahidi olacağıq. Bu cür siyasət nəticəsində tərəflər arasında etimad mühiti yaradıla bilər. Məsələn, iqtisadi etimad mühitinin yaradılması çox mühüm vasitədir. Bu, sülhə gedən yolda son dərəcə önəmli bir məsələdir. Etimad mühiti olmadan dövlətlər arasında daimi və qalıcı sülhün əldə edilməsi, mümkün deyil.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31