Bizim tarixi Zəfərimiz- ÖZƏL

Səhər saat yeddi  radələrində Bakı hava alanında payız yağışı yağırdı. Təyyarəmiz Naxçıvana istiqamət götürəndə  Bakının yağışı dalımızca su səpmiş kimi  öz şərəfli missiyasını yerinə yetirdi. Uçuşumuz bir saatdan az oldu. Naxçıvan təmiz havası, 4 dərəcə müsbət temperaturu, ən əsası dost arzu və istəyi ilə bizi qucağına aldı. Hava limanından Təbriz hotelinə qədər yol çox da uzun deyil. Amma belə enli və təmiz küçələri heç bir ölkədə görmək mümkün deyil. Burda nəyi isə tərifləməyə ehtiyac yoxdur. Ona görə ki, burda şəhər necə olmalıdır sualına əyani cavab var. Sadəcə, sən diqqət etməyi bacar.
Naxçıvana Beynəlxalq konfransa gəlmişdim. Universitetin gənc, bacarıqlı, qurucu, çoxsaylı və çoxixtisaslı tələbə və müəllim heyətini ədalətlə idarə edən, tarixçi həmkarım Elbrus İsayevdən dəvət almışdım. Beynəlxalq konfrans tarixi qələbəmizin beş illiyinə həsr olunmuşdu. Uzaq İordaniyadan tutmuş qardaş Türkiyəyə qədər konfransda təmsil olunan var idi. Sözün doğrusu, Naxçıvandan belə bir konfransda məruzə dinləməyin ayrıca ləzzəti var idi. 
Qalib ölkənin vətəndaşı  olmaqdan şərəfli nə ola bilər? İllərlə həsrətində olduğumuz o qələbə ovcumuzun içindədir, ürəyimizin başındadır. Tarix boyu mübarizə meydanı olan Naxçıvanda qaliblərin tarixinə  həsr olunmuş bu konfransda hamının üzü gülürdü. Maraqlı məruzələr bir-birini əvəz edirdi.
  Konfrans günü Naxçıvanın havası da bizim tədbirə rəng qatdı. Noyabrdan daha çox may ayını xatırladırdı. Həm də niyə may ayını xatırladım? Müstəqil Azərbaycanın  qurucusu, ümümmilli lider Heydər Əliyev  may ayında doğulub. Onu boya-başa çatdıran Naxçıvan olub. Ümummilli liderin uğurları Azərbaycan boydadır. Buna hamı şahiddir. 
  Qalib dövlətlərin cərgəsinə qoşulmaq, düşmən işğalı altında olan torpaqlarımızı azad etmək, bir milyon qaçqın və köçkünü öz dədə-baba torpaqlarına qaytarmaq üçün bir ağatlı qəhrəmana ehtiyacımız var idi. Bütün Azərbaycan xalqı bu qəhrəmanın intizarında idi. 2003-cü ilin oktyabrında Ümummilli lider Azərbaycan xalqına müraciətində deyirdi: "Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, , planları, işləri Sizin köməyiniz və dəstəyinizlə  İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Biz də konfransda milyonların ümidinə çevrilmiş, o cəsarəti və qətiyyəti ilə seçilən, Qarabağın fatehi, Ali Baş Komandanın biləvasitə rəhbərliyi altında qazanılan qələbədən danışırdıq. 
   300 ildən sonra itirilən torpaqları geri ala bilən qəhrəman dövlət başçısı erməni məkrini Azərbaycan sərhədlərindən  kənara  atdı. Üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır. 
    Biz də Naxçıvanda qürurla dalğalanan o bayrağın kölgəsində "Zəfər irsi" mövzusunda Beynəlxalq konfransımızı qələbə duyğuları ilə keçirdik. Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri öz gözəl musiqi proqramı ilə qalib əhval-ruhiyyəmizə şirinlik qatdı.           
    Böyük Mustafa Kamal Atatürkün " TÜRK QAPISI" adlandırdığı  Naxçıvan böyüyür, gözəlləşir, inkişaf edir, Naxçıvan Dövlət Universiteti  isə  elm və təhsil üçün qapılarını  hamının üzünə açıb. 
Yaşa, min yaşa, doğma və əziz Naxçıvan!

Anar İsgəndərov
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31