Türkiyə hərbçiləri Bakıdakı paradda şəxsi heyət və 6 ədəd F-16 ilə keçid edəcək
14:05 SiyasətTürkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında uçuş edəcək.
Bu barədə nazirliyin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.
O qeyd edib ki, sabah Mehtər Birliyinin orkestri ilə Gəncə Dövlət Filarmoniyasının orkestri birgə konsert proqramı olacaq.
8 noyabrda isə Türkiyə Prezident Qvardiyasının Mərasim Birliyi tərəfindən rəsmi yürüş keçiriləcək və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı ilə uçuş nümayişi təşkil olunacaq.
Həmçinin Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib:
"İki dövlət, bir millət" anlayışı ilə hər zaman birlik və həmrəylik içində olduğumuz dost və qardaş ölkə Azərbaycanın 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirik", - deyə o qeyd edib.
O həmçinin məlumat verib ki, Türkiyə müdafiə naziri Yaşar Gülər "Azərbaycan Qələbə Günü" münasibətilə Azərbaycanda keçiriləcək mərasimlərdə iştirak edəcək.//"Report"