Milli kimliyimizin müqəddəs rəmzi: Üçrəngli bayrağın dəyişməz ucalığı- ÖZƏL

9 noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının dövlətçilik iradəsinin, azadlıq ruhunun və milli birliyinin rəmzidir. Üçrəngli bayrağımız bu gün təkcə tarixi kimliyimizi deyil, həm də müasir Azərbaycanın dünyada yüksələn nüfuzunu ifadə edir. 
"Bir bayraq bir dövlətin ən böyük atributu, ən böyük simvollarından biridir. Hər bir dövlət öz bayrağına müqəddəs yanaşmalıdır. Ümumilikdə isə Azərbaycan kimi ölkələrdə, yəni türk-müsəlman ölkələrində bayrağa verilən önəm, dəyər xüsusi bir müqəddəslik əsasında olur. Bayraq təkcə bizim dövlət atributumuz deyil, bizim şərəf, namus və milli mənlik simvoludur. Bu baxımdan bayraq üçün Azərbaycan xalqı canından keçə bilər.Təsadüfi deyil ki, Azərbaycan himnində də bu misralar öz əksini tapıb". 
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib: 
"Azərbaycan bayrağının son illərdə ən yüksək tribunalardan, kürsülərdən ucaldığını görmüşük. İstər idman oyunlarında, istər beynəlxalq tribunlarda, konfranslarda, diskussiyalarda bayrağımız ən yüksək kürsülərdə dalğalanıb. Xüsusilə biz sevinirik ki, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatlardan sonra bayrağımız daha da yüksəldi. Söhbət işğal altında olan torpaqlarımızın azad edilməsindən və hər bir qarış Azərbaycan torpağında bayrağımızın dalğalanmasından gedir. Bu gün Azərbaycan xalqı bir daha sübut edib ki, bir dəfə yüksələn bayraq bir daha heç zaman yerə enməyəcək. Fərqi yoxdur, bu bayrağı ilk kimin qaldırması, məsələ o bayrağın yerə enməməsini təmin etməkdir. Hesab edirəm ki, bu gün hər bir Azərbaycan gənci bu istiqamətdə fəaliyyət göstərməli, bu məsuliyyətin davamçısı olmalıdır.
Bayrağımızı hər zaman uca görmək ümidi ilə". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31