Dövlətin malına xor baxanlar layiqli cəzalarını alacaqlar

Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin ev dustaqlığına məhkum edilməsi ölkənin konstitusion quruluşuna qarşı yönəlmiş qanunsuz əməllərin ifşasına səbəb oldu. Sabiq Administrasiya rəhbərinin hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırması kimi ağır cinayətlərdə ittiham olunması sıradan bir xəbər olmadığı, onun arxasında ciddi məqamların dayandığı gün kimi aydındır.  Dövlət Təhlükəsizlik  Xidmətinin apardığı istintaq çərçivəsində Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi də göstərirdi ki, söhbət adi məmurun həbsindən deyil, mütəşəkkil şəkildə formalaşdırılmış şəbəkədən gedir. Bu isə o deməkdir ki,  26 il ərzində dövlət idarəçiliyində mühüm vəzifə tutmuş şəxsin dövlətə xəyanətdə ittiham olunması ciddi araşdırmalar tələb edir. İlkin araşdırmanın nəticəsi Mehdiyevin dövlət çevrilişi planı hazırlaması və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif etməsi ilə bağlıdır. Bu addımla Mehdiyev Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginlikdən istifadə edərək, Moskvadan siyasi dəstək almağa cəhd edib. O, bunun üçün  hakimiyyəti zorla ələ keçirərək, konstitusiya quruluşunu dəyişdirmək istəyib və Dövlət Şurası yaradaraq ölkəni idarə etməklə bağlı qarşı tərəfə təklif verib.  R.Mehdiyevin bu təklifi əhatə edən məktubunun yayılması prosesin daha dərin qatlara işlədiyini düşünməyə əsas verir. Təkcə bu fakt kifayət edir ki, Mehdiyev layiqli cəzasını alsın. Çünki ölkənin konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd dövlət çevrilişi kimi qiymətləndirilir və bu, cinayət məsuliyyəti yaradır.
Ramiz Mehdiyevin həbsindən sonra əksər məmurların təşviş içində olması heç kimə sirr deyil. Baş verənlərdən narahat olan əksər məmurlar  "qara maskalılar"dan xilas olmaq üçün əməli fəaliyyətə keçiblər. Konkret olaraq saysız-hesabsız əmlaklarını başqa ada keçirirək satışa çıxarıblar. Lakin, hüquq mühafizə orqanlarının səyləri nəticəsində korrupsiya və rüşvətdə adı hallanan şəxslər ifşa ediliblər. Belə ki, Dövlət Təhlükəsizlik Xidməti   tərəfindən keçirilən əməliyyat zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. Əməliyyat zamanı həmçinin saxlanılan şəxslər arasında icra başçısının müavinləri, rayonun baş memarının da olduğu bildirilir. Məhkəmə qarşısına çıxarılan Balakənin sabiq icra başçısı İslam Rzayev külli miqdarda mənimsəmə və təkrar rüşvət almaqda təqsirləndirilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ardınca Prezident İslam Rzayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Həmçinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Binəqədi Rayon Məhkəməsi  qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Şübhəsiz ki, bu proses davamlı olacaq, dövlətin malına xor baxanlar layiqli cəzalarını alacaqlar. Ancaq bu iki fakt deməyə əsas verir ki, Prezidentin etimad göstərərək vəzifəyə təyin etdiyi şəxslər dövlətə, vətəndaşlara xidmət etmək əvəzinə öz varidatlarını artırmaqla məşğuldurlar. Əslində yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar.
Çox təəssüf ki, bəzi rayon icra başçıları vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək əvəzinə, vəzifələrindən sui-istifadə edərək əhalini soymaqla məşğul olurlar. Özlərini "kişik padşah" hesab edən icra başçıları "Burda mənəm, Bağdadda kor xəlifə" deyərək insanların heysiyyatı ilə oynayırlar. Hansı ki, yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. Görüntü ondan ibarətdir ki, özünü rəhbərlik etdiyi rayonun "ağası" hesab edən icra başçıları ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ilə hesablaşmır, bələdiyyələrin vəzifələrini mənimsəyərək öz təsirləri altına salırlar, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə hər vəchlə maneə olurlar. Vəziyyət o həddə çatıb ki, hətta bəzi mərkəzi icra və yerli idarə orqanları dövlətin adından çıxarılmış, qanunu qüvvəyə minmiş məhkəmə qərarlarının icrasından imtina edirlər. Kənd təsərrüfatının inkişafını təmin etmək əvəzinə şərik biznesə girişir, yerli iş adamlarından, sahibkarlardan "dolya" tələb edirlər. Dövlət proqramlarının icrası adı altında qohumlarının adına yaratdıqları şirkətlər əksər tenderlərin qalibi olur. Məlumata görə, rayonlardan birinin icra başçısının müavini qohumlarının adına nə az, nə çox düz 60 şirkət yaradıb və bütün tenderlərin qalibi olub. Artıq qeyri-qanuni yolla əldə etdikləri sərvətlərini itirəcəklərindən qorxuya düşən icra başçıları milyonluq mülklərini dəyər-dəyməzinə satışa çıxarıblar. Hazırda əmlak alqı-satqı saytlarında bahalı villalar, restoran və obyektlərin satışı ilə bağlı elanlara rast gəlinir. Lakin icra başçıları da bilməlidirlər ki, Azərbaycan hüquqi dövlətdir, ölkədə qanunun aliliyinə riayət olunur. Vəzifəsinin öhdəsindən gələ bilməyən, dövləti, dövlətçiliyi, xalqı deyil, şəxsi mənafelərini güdən məmurlar istənilən halda qanun qarşısında cavab verməli olacaqlar.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31