Süni intellekt dövründə Azərbaycan: elmin siyasi gücə çevrildiyi mərhələ- ÖZƏL
12:10 Siyasət" Prezident İlham Əliyevin AMEA-da çıxışı göstərdi ki, elm artıq yalnız intellektual sahə deyil, milli təhlükəsizliyin və dövlət strateji siyasətinin ayrılmaz hissəsidir. Qlobal rəqabət dövründə süni intellekt, kibertəhlükəsizlik və texnoloji islahatlar təkcə elmi deyil, həm də siyasi güc resursuna çevrilir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Azərbaycan bu istiqamətdə sistemli addımlar ataraq elm və innovasiyanı milli maraqların qorunması alətinə çevirir:
"Ulu Öndər Heydər Əliyevin 1970-80-ci illərdə qurduğu elmi məktəblərin bu gün davam etdirilməsi, əslində, strateji yaddaşın bərpasıdır. Bu model uzunmüddətli elmi davamlılıq və texnoloji müstəqillik üçün baza rolunu oynayır. Süni intellekt sahəsində irəliləyiş Azərbaycanın iqtisadi və hərbi potensialına əlavə qat verir. Çünki müasir dünyada texnologiyaya nəzarət informasiya və təhlükəsizlik üstünlüyü deməkdir. Kibertəhlükəsizlik sahəsində elmi-tətbiqi istiqamətlərin genişlənməsi ölkəmizin regional sabitlikdə həm müdafiə, həm də hücum potensialını balanslaşdırır. Rəqəmsallaşma və sənaye elmlərinin inkişafı isə Azərbaycanın iqtisadi modelini enerji amilindən kənara çıxarır. Bu gün dövlət elmi institusional islahatlarla milli maraqlara xidmət edən bir sistemə çevirir. İnnovasiya və texnologiya həm diplomatik, həm də iqtisadi təsir vasitəsinə çevrilməkdədir. Qlobal güc mərkəzləri süni intellekt üzərindən yeni hegemoniyalar qurarkən, Azərbaycan bu prosesin kənarında qalmır, öz milli texnoloji bazasını formalaşdırır. Elm və texnologiyanın siyasi güc komponentinə çevrilməsi ölkəmizə regional manevr azadlığı qazandırır.
Azad edilmiş ərazilərdə elmi tədqiqatların aparılması həm tarixi ədalətin, həm də elmin tətbiqi gücünün simvoludur. Azərbaycan artıq "istehsal edən yox, yaradan" bir dövlət modelinə doğru irəliləyir. Bu, həm də milli ideologiyanın yeni mərhələsidir -elmin dövlətçiliklə sintez olunduğu bir mərhələ. Süni intellekt və kibertəhlükəsizlik kimi sahələrdə irəliləyiş ölkəmizi Cənubi Qafqazda təkcə siyasi yox, intellektual liderə çevirir".
Zeynəb Mustafazadə