Ermənistan spikeri Rusiyaya: "Erməni soyadlı saysız-hesabsız manqurtlarınız sizə kömək edə bilməyəcək"
18:51 SiyasətErmənistan parlamentinin spikeri brifinqdə Rusiyanın apardığı "hibrid müharibə"nin siyasi cəbhədə əsasən "kəşfiyyat döyüşü" formatında həyata keçirildiyini bildirib və bu fəaliyyətin arxasında dayanmış dairələri kəskin tənqid edib.
Musavat.com xəbər verir ki, o, çıxışında qarşı tərəfin müxtəlif mövzularda basqı, manipulyasiya və sifarişli publisistik materiallar vasitəsilə intriqalar yaratmağa çalışdığını deyib.
Erməni spiker bu yazıların üslubunun həm sifarişçiləri, həm də icraçıları ifşa etdiyini vurğulayıb: "Müxtəlif mövzulara toxunurlar, əl gəzdirirlər, basqı edirlər.
Özlərinin uydurduğu və öz səviyyələrinə uyğun 'məqaləciklər' yazır, guya hansısa intriqalar və ehtiraslar toxuyurlar - mənim və həmkarlarım barədə. Amma anlamırlar ki, bu yazıların üslubu həm sifarişçiləri, həm də icraçıları ələ verir - həm də onların bizə aid etməyə çalışdıqları mövzulara olan gizli meyllərini".
Spiker daha sonra çıxışında bu kampaniyanın əsas səbəblərindən birini "erməniləri tanımamaq"la izah edib və ünvanına edilən müraciətlərə sərt cavab verərək bildirib: "Yoldaşlar, sizin bəlanız bundadır - siz bizi, erməniləri tanımırsınız. Hətta erməni soyadlı saysız-hesabsız manqurtlarınız da sizə kömək edə bilməyəcək. Siz ümumiyyətlə, heç bir qonşunuzu tanımırsınız - ona görə də nəticə həmişə eyni olur".
İctimai və siyasi diskussiyalarda tez-tez istifadə olunan "manqurt" ifadəsini xatırladan spiker, bu təzahürlərin daxildə və xaricdə təşkil edilmiş informasiya kampaniyalarının bir hissəsi olduğunu qeyd edib.
Çıxışının sonunda spiker istehzalı tonda əlavə edib: "Ona görə də özünüzü yormayın - onsuz da partlayacaqsınız".