Zəfər zirvəsinə ucalan Azərbaycan Bayrağı

"Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir...".Heydər ƏLİYEV,  Azərbaycan xalqının ümummilli lideri

"Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir...". İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Hər bir dövlətin əsas atributu sayılan, xalqın mənəvi-siyasi və mədəni birliyinin simvolu olan bayraq eyni zamanda azadlıq və istiqlal rəmzi olaraq, qürur və güvənc yeridir. Bayrağın rəngləri, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Bayraq ölkənin müstəqilliyinin rəmzi olan və millətin milli dəyərlərini əks etdirən mühüm dövlət atributudur, özünütəsdiq simvoludur. Qədim tarixə malik Azərbaycan bayrağının xalqımız üçün qiyməti ölçüyəgəlməzdir. Çünki üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çox çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçmişdir. Minlərlə Vətən övladının qanı bahasına bir rəmz kimi ucalan bayrağımızın dövlət atributuna çevrilməsi və dünya birliyi tərəfindən tanınması Azərbaycan xalqının uzun əsrlər boyu apardığı mücadilənin təntənəsidir. Şərəf və qürur ünvanı olan bayrağımız Azərbaycanın milli dəyərlərini daşımaqla yanaşı, bugünədək yaşadığımız müharibələrin və milli-azadlıq mücadiləmizin şahididir. Azərbaycan bayrağının üzərindəki, göy, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir. Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmiş və şuranın yerləşdiyi binada qaldırılmışdır. Bolşevik işğalı nəticəsində 70 il sovet imperiyasının ideyalarını əks etdirən bayraqların kölgəsi altında yaşamalı olsaq da, nəhayət üçrəngli bayrağımız yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalandı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev əsl vətənpərvərliklə və lider təəssübkeşliyi ilə milli dövlət quruculuğu üçün mühüm qərarlar qəbul edərək, xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atdı. 1990-cı il noyabr ayının 17-də Naxçıvan Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Xalq Cümhuriyyətinin bayrağı rəsmi olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı elan olundu. Sessiyada Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı və nəticədə 1991-ci il fevralın 5-də bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq olundu. 1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı bərpa edildi. Sovet imperiyasının dağılmadığı bir vaxtda Ulu Öndərin atdığı bu qətiyyətli addım dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisliyinin təmin edilməsi idi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. Ulu Öndərin 1998-ci il martın 13-də "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" Sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm siyasi sənəd idi. "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək, hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyən Ulu Öndər öz tövsiyələrində daim insanlara bayrağımıza sevgi aşılayır. Dahi rəhbərin Azərbaycanın Dövlət Bayrağı və digər dövlət rəmzlərinə olan qayğısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim uğurla davam etdirilir. Andiçmə mərasimləri zamanı Dövlət Bayrağı qarşısında diz çökərək onu öpən dövlətimizin başçısı İlham Əliyev bununla həm də Azərbaycana yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir, milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, habelə 2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamların imzalanması milli dəyərlərimizə və dövlət atributlarına, o cümlədən Dövlət Bayrağına hörmət və ehtiramın yüksək ifadəsidir. Hər il ölkəmizdə 9 noyabr tarixi "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi qeyd edilir. Bu tarixi addımların atılmasında həmçinin əsas məqsəd ölkə vətəndaşlarının həmrəyliyini, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyini təmin etmək, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu gün üçrəngli bayrağımıza olan hörmət və ehtiram, məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının Vətən, millət duyğusuna çevrilmişdir. Cənab Prezidentin milli rəmzlərə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn dəyərlərimizə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Bu gün böyük iftixarla öpüb altından keçdiyimiz, hər birimiz üçün əziz və doğma olan üçrəngli bayrağımız yüksəkliklərdə dalğalanaraq, Azərbaycanın qüdrətini nümayiş etdirir. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən, onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Bu şərəfə nail olaraq, şəhadətə yüksəlmək isə hər kəsə nəsib olmur. Bayraqları bayraq edən üstündəki qandır. Bayrağımızı şərəfimiz və qürurumuz bilib, onun daim yüksəklərdə dalğalanması üçün daim çalışmalıyıq. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı Ermənistanın hərbi təcavüzünün qarşısını almaq məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa riayət etməklə əks-hücum və cavab tədbirlərini reallaşdıraraq, öz gücünü, rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi, işğaldan azad olunmuş hər qarış torpaqda Azərbaycan bayrağını ucaltdı. Azərbaycan Prezidenti cənab İlham Əliyev deyirdi: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır....". Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içən qəhrəman əsgərlərimiz düşmənə ağır və sarsıdıcı zərbələr endirərək, işğaldan azad olunan ərazilərimizdə Azərbaycan Bayrağını dalğalandırmaqla Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək" fikrini həyata keçirdi. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının əməkdaşlarının öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşmaları və gərgin əməyi nəticəsində ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə qarşı mübarizədə qazandıqları uğurlar xalqımızın çoxdan intizarla gözlədiyi Böyük Qələbənin qazanılmasına danılmaz töhfə oldu. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlıq nümunəsi bizləri bir bayraq altında daha sıx birləşərək, həmrəyliyə, Vətənimizin tərəqqisi və ardıcıl inkişafı uğrunda daim mübarizəyə səsləyir. İnanırıq ki, üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını daima qürurla təsdiqləyəcək.

H.Zeynallı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31