Fransa Bakıya görə xəritəni “dəyişdi”: Makrondan mühüm mesaj

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Prezident Emmanuel Makronun Avropa məsələləri üzrə müşaviri Bertran Buxvalter və Fransa Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Bris Rokfeyin Bakıya səfəri ilə bağlı məlumat verib. 

Onlar Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə Bakı-Paris münasibətləri və regional məsələləri müzakirə ediblər.

Beləliklə, Fransa ilə Azərbaycan barışdı? Bu səfər ölkələr arasındakı münasibətlərə necə təsir edəcək?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Azərbaycan-Fransa əlaqələrinin son illərdə kəskin gərginlik mərhələsindən keçdiyi hər kəsə bəllidir:

"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazlərinin işğaldan azad edildiyi, ölkənin suverenliyinin bərpa olunduğu zaman kəsiyində, bütövlükdə isə 2020-2024-cü illərdə rəsmi Parisin beynəlxalq hüquqa zidd, qərəzli və aqressiv davranışları səbəbindən münasibətlərdə ciddi gərginlik, soyuqluq qabarıq şəkildə hiss olunurdu. Lakin son aylar münasibətlərdə yeni dinamika müşahidə edilir. Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makronun oktyabr ayında Kopenhagendə baş tutan görüşü bu mənada dönüş nöqtəsi hesab oluna bilər. Anlaşılmazlıqların geridə qaldığı barədə veriləm mesajlar qarşılıqlı münasibətlərin bərpası, normallaşması üçün siyasi iradənin olduğunu göstərir".

Deputat bildirib ki, Fransa nümayəndələrinin Bakıya səfəri bu görüşün məntiqi davamı kimi qiymətləndirilə bilər:

"Fransadan ölkəmizə yüksək səviyyəli nümayəndələrin səfərləri göstərir ki, məqsəd sadəcə protokol ziyarəti deyil, konkret məzmunlu danışıqlardır. Bu danışıqların əsas istiqamətlərini enerji təhlükəsizliyi, Avropa ilə Azərbaycanarasında iqtisadi əməkdaşlıq, regionda sabitlik və sülh məsələləri təşkil edə bilər. Ola bilsin ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqların dəyişilməsinin mümkünsüzlüyünü anlayan Fransa bölgədə balanslaşdırılmış siyasət yürütmək, Avropa enerji xəritəsində Azərbaycanın rolunu nəzərə almaq və regiondakı nüfuzunu qorumaq istəyir.

Elcin mirz%C9%99b%C9%99yli
Elçin Mirzəbəyli

Azərbaycan üçünsə bu dialoq bir neçə mühüm nəticə vəd edir. Əvvəla, Avropa İttifaqının aparıcı ölkələrindən biri ilə münasibətlərin normallaşması Azərbaycanın beynəlxalq diplomatik mövqeyini möhkəmləndirir. İkincisi, Fransanın biznes dairələrinin və investisiya strukturlarının yenidən Azərbaycan bazarına qayıtması, iqtisadi əlaqələrin canlanmasına töhfə verə bilər. Üçüncüsü, Fransa ilə konstruktiv dialoq həm də Azərbaycan-Avropa münasibətlərinin ümumi fonuna müsbət təsir göstərir".

E.Mirzəbəylinin sözlərinə görə, hələlik söhbət tam "barışmaqdan" deyil, münasibətlərin bərpa prosesinin ilkin mərhələsindən gedir:

"Diplomatik səviyyədə müsbət siqnallar var, lakin real nəticələrin əldə olunması üçün qarşılıqlı etimadın bərpasına, konkret əməkdaşlıq layihələrinin hazırlanmasına və uzunmüddətli təmasların davamlı xarakter almasına ehtiyac var. Fransız şirkətlərinin Azərbaycana qayıdışı, mədəni və humanitar sahələrdə əlaqələrin aktivləşməsi, eləcə də iki ölkə arasında birgə bəyanatların qəbul olunması bu prosesi möhkəmləndirəcək əsas göstəricilər sayılır.

Beləliklə, Fransa Prezidentinin müşaviri və XİN nümayəndələrinin Bakıya səfəri Azərbaycan-Fransa münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Paris və Bakı arasında münasibətlər artıq gərginlik yox, qarşılıqlı maraq və ehtiyatlı əməkdaşlıq mərhələsinə keçib. Barışıq üçün ilkin addımları atılıb, amma bu addımların davamlı və sabit əməkdaşlığa çevrilməsi üçün etimad mühitinə qərəzli və əsassız iddialarla zərbə vuran ölkə, yəni Fransa tərəfindən hələ çox iş görülməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31