Prezidentin elm barədə dediyi fikirlər gələcək inkişafın strateji manifestidir- ÖZƏL
10:45 Siyasət"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında vurğuladığı əsas məqamlardan biri də Azərbaycan xalqının tarixi həqiqətlərinin təhrifinə qarşı elmi əsaslı mübarizənin vacibliyi idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Bu məsələdə alimlərimizin, tarixçilərimizin, ictimai təşkilatların üzərinə böyük məsuliyyət düşür. Biz öz tariximizi yalnız tədqiq etməməli, həm də dünyaya elmi əsaslarla təqdim etməliyik.
Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində etdiyi çıxış təkcə elm bayramı münasibətilə deyilmiş sözlər deyil, bu, gələcək inkişafın strateji manifestidir. Elm, təhsil, texnologiya, milli tarix, dil və dövlətçilik məsələlərini vahid ideoloji xəttdə birləşdirən bu nitq müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin ideya təməlini təşkil edir. Azərbaycan alimləri, ziyalıları və gəncləri bu çağırışlardan ruhlanaraq ölkəmizin dayanıqlı, texnoloji və intellektual inkişafı naminə daha əzmlə çalışmalıdırlar. Çünki bu gün biz təkcə müstəqil dövlətin deyil, həm də Zəfər qazanan, elmə və intellektə söykənən qalib millətin nümayəndələriyik".