Göyçə gölünün tarixi adı və erməni propagandası: Paşinyan niyə Qarabağdan geri dönüş istəmir? – ÖZƏL

Ermənistan Milli Demokratik Partiyasının (NDP) Mətbuat katibi Vaagn Avagyan iddia edir ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında faktiki olaraq Sevan gölünü də "azad etmək" planlarını açıqlayıb.
Avagyanın sözlərinə görə, Bakı hərbi büdcəni artırır və ictimai rəyi formalaşdırır.
Əvəzində, Avagyan Ermənistan rəhbərliyinin əks istiqamətdə getdiyini bildirir: "Paşinyan hakimiyyəti hərbi büdcəni azaldır, xarici borcu ikiqat artırıb və Sevanı deyil, Eçmiədzini "ələ keçirməyə" hazırlaşır."
O, 2026-cı ildə xalqdan "sülh, yoxsa müharibə gündəmini" seçməyin tələb olunmasına ironiya ilə yanaşıb: "Bəs, ümumiyyətlə, bu xalqdan kimsə bir şey soruşurmu?"

"Ermənistan Milli Demokratik Partiyasının mətbuat katibinin bu iddiası, təbii ki, cəfəngiyyatdır.
Azərbaycan Prezidentinin dünənki çıxışını bütün dünya izləyib, o cümlədən biz də baxmışıq. Prezident həmin çıxışında tarixə və tarixi faktlara əsaslanaraq qeyd etdi ki, "Sevan" adlı göl yoxdur - bu, Göyçə gölüdür. Hətta dövlət başçısı dəfələrlə vurğuladı ki, bu, Azərbaycanın tərtib etdiyi xəritə deyil, Çar Rusiyasının xəritələrində də həmin ərazi "Göyçə gölü" kimi göstərilib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Şakir Ağayev deyib: Prezident onu da xatırlatdı ki, məhz Çar Rusiyası dövründə ermənilər Azərbaycana, o cümlədən Dağlıq Qarabağ bölgəsinə köçürülüb. Tətbiq olunan xəritələrdə bu göl "Göyçə" kimi göstərilib, yəni öz tarixi adı ilə. Təkcə Göyçə deyil, ermənilər yüzlərlə, minlərlə Azərbaycan toponimini dəyişdiriblər. Bu dəyişikliklər əsasən XIX-XX əsrin əvvəllərində baş verib və həmin dövrə aid xəritələrdə bütün bu ərazilər Azərbaycanın tarixi torpaqları kimi qeyd olunub. Ona görə də Vaagn Avagyanın səsləndirdiyi fikirlər tamamilə əsassız, uydurma iddialardır.

"Azərbaycan Prezidenti həmçinin bildirdi ki, ermənilərin deportasiya etdiyi azərbaycanlılar Ermənistana qayıtmalıdırlar - bu, onların təbii hüququdur. Amma o da vurğuladı ki, biz bu qayıdışı dinc və hüquqi yolla, avtomobillərlə, sərbəst şəkildə həyata keçirəcəyik. Azərbaycanlılar heç vaxt hər hansı dövlətin daxilində separatizm və parçalanma siyasəti ilə məşğul olmayıb. Əksinə, yaşadıqları ölkələrin inkişafında fəal rol oynayıblar. Bu, təkcə Ermənistanla bağlı deyil. Hazırda 50 milyondan çox azərbaycanlı müxtəlif dövlətlərdə yaşayır və həmin ölkələrin vətəndaşları olaraq onların sosial-iqtisadi və mədəni inkişafına mühüm töhfə verirlər. Bunu Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb," - deyə ekspert əlavə edib.

Ş. Ağayev qeyd edib ki, erməni təbliğatının bu reallığı inkar etməsi artıq ironiyaya çevrilib.
Hazırda Ermənistanda qarşıdan gələn seçkilər ərəfəsində ciddi siyasi mübarizə gedir - revizionist qüvvələrlə Paşinyan hökuməti arasında. Paşinyanın son çıxışlarına baxdıqda görünür ki, o, anlayır: Azərbaycanla növbəti müharibə Ermənistanın bir dövlət kimi məhv olmasına gətirib çıxara bilər. O, həmçinin etiraf edir ki, Qarabağdan çıxan ermənilərin yenidən ora qayıtması bölgədə konfliktin yenidən qızışmasına səbəb ola bilər. Paşinyan bu məsələni düzgün qiymətləndirir, çünki o, erməni xalqının psixologiyasını yaxşı bilir. Düşünür ki, həmin insanlar geri qayıdarsa, yenidən separatçılıq meyilləri güclənə, xarici qüvvələrin təsiri artaraq Azərbaycana qarşı təxribatların qaynağı ola bilər. Ona görə də Paşinyan üçün ən doğru yol onların geri qayıtmamasıdır.
Eyni zamanda, o, Azərbaycan vasitəsilə Rusiyadan gələn malların qəbulunu da təmin edir, çünki anlayır ki, bu, Ermənistan iqtisadiyyatı üçün faydalıdır.

"Ancaq Ermənistanda müəyyən siyasi qüvvələr bundan sui-istifadə edərək Paşinyanı "Türkiyəyə və Azərbaycana işləməkdə" ittiham edirlər. Hakimiyyət daxilində bu mövzu üzərindən siyasi mübarizə aparılır. Mən hesab edirəm ki, erməni xalqı sülhün tərəfdarıdır.
Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan xalqı və dövləti üçün daha önəmlidir. Seçkilərə qədər biz belə qərəzli, məqsədli açıqlamaları çox görəcəyik.
Ermənistan Milli Demokrat Partiyasının mətbuat katibinin bu bəyanatı isə növbəti seçkilərə hesablanmış siyasi addımdan başqa bir şey deyil," - deyə siyasi şərhçi vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31