Dövlət başçısı elm və texnologiyanın vəhdətini müasir inkişafın təməli kimi qiymətləndirdi- ÖZƏL

"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley mərasimində çıxışı, əslində, ölkənin gələcək inkişaf konsepsiyasının elmi-fəlsəfi konturlarını müəyyənləşdirən mühüm sənəd xarakteri daşıyır. Bu çıxışda Prezident, təkcə elm adamlarına deyil, bütövlükdə cəmiyyətə ünvanlanan strateji mesajlarla yeni dövrün istiqamətlərini müəyyənləşdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Dövlət başçısı çıxışında Azərbaycanın elmi potensialının milli inkişaf modelində oynadığı rolu dərindən təhlil edərək bildirdi ki, elm - sadəcə bir sahə deyil, müasir dövlətin, iqtisadiyyatın, təhlükəsizliyin və milli kimliyin dayağıdır. Prezident İlham Əliyevin fikrincə, bu gün elm sahəsi ölkənin intellektual kapitalını formalaşdırmaqla yanaşı, texnologiyanın, rəqəmsal inkişafın və süni intellektin idarəedici gücünə çevrilməlidir.
Elmin prioritetləşdirilməsi və dövlətin intellektual kursundan söz açan Prezident İlham Əliyev çıxışında xatırlatdı ki, bu gün Azərbaycan elmi yeni çağırışlarla üz-üzədir. Qlobal texnoloji mühitdə yerini qorumaq və gücləndirmək üçün elmi potensialın sistemli şəkildə inkişafı mühüm zərurətdir. Məhz bu məqsədlə son illər ərzində aparılan struktur islahatları, elmi tədqiqatların maliyyələşdirilməsi və kadr siyasətinin yenilənməsi dövlətin bu sahəyə xüsusi diqqətinin göstəricisidir.
Dövlət başçısı elm və texnologiyanın vəhdətini müasir inkişafın təməli kimi qiymətləndirdi. Süni intellekt, pilotsuz uçuş aparatları, kibertəhlükəsizlik və enerji səmərəliliyi kimi istiqamətlərin elmi əsaslarla idarə olunması, Azərbaycanın innovativ gələcəyini müəyyənləşdirən əsas amillərdəndir.
Azərbaycan bu gün təkcə enerji ölkəsi deyil, həm də elmi biliklərin ixracatçısına çevrilmək istiqamətində ardıcıl addımlar atır. Prezidentin "bizim müstəqilliyimiz bilik üzərində qurulmalıdır" tezisi, dövlətin yeni dövrə baxışının ideoloji əsasını təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31