Ermənistanda yeni polis modeli: Siyasi rəqiblərə qarşı sipər, yoxsa islahat?- ÖZƏL
14:00 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan ölkədə "Polis Mühafizəsi" (1 noyabrdan fəaliyyətdədir) adlanan yeni strukturun yaradıldığını rəsmən elan edib. O, bu qurumun mövcud polis qüvvələrinin transformasiyası deyil, tamamilə yeni bir xidmət olduğunu vurğulayıb. Paşinyan bu addımı Daxili İşlər Nazirliyinin islahatlarında mühüm mərhələ adlandırıb. 
Yeni yaranmış strukturun əsas məqsədi, mahiyyəti nədir? Parlament seçkiləri ərəfəsində baş tutan bu dəyişiklik nədən xəbər verir? Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Paşinyanın indi xüsusi polis mühafizəsi yaratması, həm də bunun hazırkı polis sisteminə alternativ kimi fəaliyyətə başlaması ondan xəbər verir ki, Paşinyan iqtidarı özündən əvvəlki çox onillik rusmeyilli hakimiyyətlərin dövlət strukturlarında əhəmiyyətli dərəcədə yerləşməsindən, yəni kök salmasından ehtiyat edir və hazırkı polis sisteminə o qədər də güvənmir. Buna görə də yeni bir sistem yaratmaqla, əslində, ona qarşı baş verə biləcək kütləvi etirazların və ya radikal-dini kəsimlərin həyata keçirə biləcəyi təxribatların qarşısını almaq üçün bir növ əlini gücləndirir və dövlət strukturu fonunda bu işə ciddi legitimlik qazandırmağa çalışır. Ümumiyyətlə, son dövrlər Ermənistan siyasətində baş verənləri nəzərdən keçirdikdə belə bir reallıq ortaya çıxır ki, hər an anti-Paşinyan qüvvələr- bura rusmeyilli qüvvələri də aid edə bilərik, həmçinin fərqli kilsələrdən dəstək alan erməni kilsəsinin nümayəndələrini, qatı tərəfdarları da daxil etmək olar. Onlar Paşinyana qarşı sanki bir cəbhə almaqdadırlar və bu, hər an xalqın meydanlara çağırılması ilə nəticələnə bilər. Hətta arxiyepiskop Baqrat Qalstanyan rəhbərliyi ilə təxminən bir il əvvəl xalqın küçələrə çıxdığının, Paşinyanın devrilməsinə cəhd edilsə də bunun qarşısının alındığının şahidi olduq. Yəqin ki, Paşinyan hakimiyyəti daha ciddi, daha genişmiqyaslı təxribatlardan, xalq kütlələrinin hərəkətə gətirilməsindən qorxur ki, belə bir strukturun yaradılmasına ehtiyac duyub. Açıqlamalardan da başa düşmək olur ki, bu yeni polis bölmələrinin yaradılması sırf kütləvi nümayişlər zamanı baş verə biləcək dağıntıların və yaxud özbaşınalıqların qarşısını almağa hesablanır.
Bu dəyişikliklər göstərir ki, növbəti parlament seçkiləri Ermənistanda xeyli çətin keçəcək və burada kimin qalib gəlməsindən, haqlı və ya haqsız səbəblərin olub-olmamasından asılı olmayaraq ciddi qarşıdurmalar gözlənilir". 
Zeynəb Mustafazadə