Dövlət başçısının dedikləri gənc alimlərə çağırış idi- ÖZƏL
13:29 Siyasət"Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan Prezidenti cənab İlham Əliyevin texnoloji inkişaf, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizliklə bağlı dedikləri təkcə elmə aid məsələ deyildi. İndi biz tarixin elə bir mərhələsindəyik ki, dövlətimizin gələcəyinin necə olacağı, daha dəqiqi olub-olmayacağı texnoloji inkişafdan, rəqəmsallaşmadan, süni intellekti təbii intellektin kontrolunda saxlamaq bacarığımızın səviyyəsindən və kibertəhlükəsizliyimizi özümüzün təmin edə bilib-bilməyəcəyimizdən asılıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Dövlət başçımızın bu haqda dedikləri əslində alimlərə, ilk növbədə də gənc alimlərə təşəbbüs göstərmələri üçün edilən çağırış idi: "Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.
Digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin, deməli, aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik".